...

BAKIDA MİLLİ BƏLƏDİYYƏLƏR ASSOSİASİYASINA DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

Siyasət Materials 15 Sentyabr 2005 14:23 (UTC +04:00)

Sentyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Milli Bələdiyyələr Assosiasiyasının yaradılmasına dair ikigünlük beynəlxalq seminar işinə başlayıb.

Trend in məlumatına görə, seminarın təşkilatçısı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, Norveçin Yerli və Regional Hakimiyyətlər Assosiasiyası, Azərbaycandan isə "Vətəndaş cəmiyyəti uğrunda" Müstəliq Məsləhət və Yardım Mərkəzidir. Tədbirdə Avropa Şurasının, Prezident Aparatının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Norveç səfirliyinin birinci katibi xanım Qoril Yohansen bildirib ki, Azərbaycanda yerli hakimiyyətlərin Milli Assosasiyasının yaradılması ilə bağlı Norveç hökuməti tərəfindən dəstəklənən layihə həyata keçirilir. Yerli və regional hakimiyyətlərin Milli Assosasiyalarda fəaliyyəti və rolu haqqında danışan Qoril Yohansen qeyd edib ki, Azərbaycanda da belə qurumların yaradılmasına ehtiyac duyulur.

Avropa Şurası Baş Katibliyinin xüsusi nümayəndəsi Mats Lindberq çıxışında Azərbaycanda bələdiyyələrin səlahiyyətlərin məhdud olduğunu qeyd edib. O bildirib ki, yerli özünüidarə qurumlarının geniş fəaliyyət göstərməsi üçün onlara səlahiyyətlər verilməlidir. Bu, ölkənin sosil-iqtisadi inkişafına da gətirib çıxara bilər. Mats Lindberq əlavə edib ki, Avropa Şurası bununla bağlı Azərbaycana öz tövsiyyələrini verib. Onun sözlərinə görə, bələdiyyələrin səlahiyyətlərini artırmaqla kifayətlənmək olmaz, vəzifələrinin öhdəsindən gəlmələri üçün onlara treninqlər keçirilməlidir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvü Vim Van Gelder, Prezident Aparatının nümayəndəsi Rəhim Abbasov da çıxış edərək ölkəmizdə bələdiyyələrin Milli Assosiasiyasının yaradılması istiqamətində təşəbbüs barədə fikirlərini bölüşüblər.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin icraçı direktoru Ulrix Boner bu qurumun Azərbaycanda fəaliyyəti, görülən tədbirlərin əsasları və məqsədləri barədə danışıb. U.Boner yerli özünüidarəetmənin Avropa Xartiyası və Avropa yerli və regional hakimiyyətlərini birləşdirmək hüquqları barədə də məruzə edib. Bu sahədə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin rolu və strukturu, məqsədləri haqqında məlumat verib.

Avropa Şurasının eksperti Ouen Masters Cənub-Şərqi Avropada (Kosova) Milli Assosiasiyanın yaradılması və fəaliyyəti, bu regiondakı yerli özünüidarə sahəsindəki təcrübə barədə məlumat verib. Avropa Şurasında təmsil olunan Norveç, Böyük Britaniya, Hollandiya, Türkiyə nümayəndələri seminarda çıxış edərək Milli Assosiasiyaların modelləri barədə danışıblar. Məruzəçilər Avropa Şurasına üzv ölkələrin yerli və regional hakimiyyətlərin Milli Assosiasiyalarının məqsədləri, strukturu, maliyyələşməsi və digər məsələlərə dair nümunələr göstəriblər.

Seminarın ikinci hissəsi sentyabrın 16-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti