...

DEMOKRATİK İSLAHATLAR PARTİYASININ SAYTININ VƏ SEÇKİDƏ İŞTİRAK EDƏN NAMİZƏDLƏRİNİN TƏQDİMATI KEÇİRİLİB

Siyasət Materials 16 Sentyabr 2005 16:23 (UTC +04:00)
DEMOKRATİK İSLAHATLAR PARTİYASININ SAYTININ VƏ SEÇKİDƏ İŞTİRAK EDƏN NAMİZƏDLƏRİNİN TƏQDİMATI KEÇİRİLİB

Demokratik İslahatlar Partiyası (DİP) parlament seçkisində 16 nəfər namizədlə iştirak edir. Trend in məlumatına görə, bu barədə sentyabrın 16-da "Bakı Excelsior" otelində keçirilən DİP-in yeni saytının və namizədlərinin təqdimat mərasimində açıqlama verilib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki,www.demreforms.org ünvanında yerləşən interaktiv saytda partiyanın fəaliyyətini izləmək, istənilən məlumatı əldə etmək mümkündür.

DİP sədrinin seçki məsələləri üzrə müavini Elnur Baimov sayt haqqında məlumat verərək bildirib ki, bugünədək Azərbaycanın heç bir siyasi partiyası belə bir interaktiv sayta malik deyil.

Onun sözlərinə görə, üç dildə hazırlanan saytın tərtib olunmasında müasir dünya texnologiyalarından istifadə edilib, ienternet səhifəsinə yüksək səviyyəli dizayn verilib.

Sədr müavini qeyd edib ki, elektron partiya orqanı olan bu sayt həm də kütləvi informasiya vasitələrinə yardımçı xarakter daşıyır. Çünki partiyanın fəaliyyəti, tədbirləri barədə bütün məlumatlar saytda yerləşdiriləcək.

Saytın ana səhifəsində partiya haqqında əsas məlumatlar, partiyanın Siyasi Şurası, Memorandumu, Əsasnaməsi, liderləri, həmçinin parlament seçkisində iştirak edən namizədləri barədə məlumatlar yerləşdirilib.

"KİV-də bizim barədə" bölməsində DİP haqqında bütün kütləvi informasiya vasitələrində yayılan məlumatlar toplanacaq, "fotoqalereya" bölməsində partiya ilə bağlı bütün fotoşəkillər, video bölməsində isə tədbirlərindən çəkilən videoyazılar yerləşdiriləcək.

Sayt istifaləçiləri ilə partiya arasında əlaqə linkində DİP-in bütün müvafiq koordinatları var. Saytda həmçinin bir neçə bölmədən ibarət forum yaradılıb.

Forumda iştirak edən sayt istifadəçiləri ilə Demokratik İslahatlar Partiyası, Milli Məclis, iqtisadiyyat və biznes, siyasət və hakimiyyət, mədəniyyət mövzularında müzakirələr aparılacaq.

Hazırda Azərbaycan, rus və ingilis dillərində təqdim olunan saytda yaxın gələcəkdə fransız dilindən də istifadə olunacaq.

Asim Mollazadə partiyasının seçki iştirakı haqqında danışarkən bildirib ki, bu seçkidə qarşıya qoyulan məqsəd insan hüquqları, iqtisadi azadlıq prinsiplərinin, sivil Avropa dəyərlərinin Azərbaycanda da bərqərar olmasına, həmçinin demokratik, yüksək təcrübəyə malik parlament formalaşdırılmasına çalışmaqdır.

DİP-in Bakıdan və ölkənin ayrı-ayrı bölgələrindən olan namizədləri müxtəlif peşə sahibləri, əsasən iş adamları, iqtisadçılar, menecmentlər, hüquqşünaslardır.

A.Mollazadə seçkiöncəsi vəziyyət barədə fikirlərini bölüşərkən seçki ilə bağlı "qara piar" kampaniyasından istifadə olunmasını kəskin etirazla qarşıladığını deyib və hətta DİP-ə qarşı bu üsuldan istifadə olunarsa belə, bu tip adekvat addım atmayacaqlarını vurğulayıb.

A.Mollazadə bir sıra məmurların, nazirliklərin nümayəndələrinin qanunsuz olaraq seçki kampaniyası ilə məşğul olduqlarını, icra orqanlarının seçki prosesinə müdaxilə etdiyini də diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti