...

İnqilab Əhmədov: "Parlamentdə təkcə təmsil olunmaq azdır, orada aktiv işləmək lazımdır"

Siyasət Materials 17 Sentyabr 2005 11:08 (UTC +04:00)
İnqilab Əhmədov: "Parlamentdə təkcə təmsil olunmaq azdır, orada aktiv işləmək lazımdır"

Müsahibimiz 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Milli Məclis üzvülüyünə namizəd İctimai Vəsaitin Monitorinq Mərkəzinin rəhbəri, təcrübəli iqtisadçı İnqilab Əhmədovdur.

-Seçki öncəsi siz də əksər namizədlər kimi bol-bol vədlər verirsinizmi?

-Heç bir seçki seçicilərə verilən vədlərsiz ötüşmür. Bizim seçki prosesində də konkret vədlər verilir. Əsas odur ki, bu vədlər sonradan yerinə yetirilsin.

Mən həmişə çalışmışam ki, imkanlarımı kifayət qədər düzgün qiymətləndirim və bu imkandan artıq seçicilərə vədlər verməyim. Mən bunu nəzərə alaraq imkanlarım daxilində vəd verirəm ki, sonradan onu yerinə yetirə bilim.

-Seçiciləri ən çox düşündürən sosial problemlərin həllidir. Namizəd olduğunuz seçki dairəsində hansı sosial problemlər öz həllini tapmayıb?

-Hesab edirəm ki, hər bir namizəd öz bölgəsinin problemlərini kifayət qədər öyrənib özünün seçki siyasətini məhz bu problemlər çərçivəsində müəyyənləşdirməlidir.

Seçicilərimə verdiyim vədlər kifayət qədər mürəkkəb və olduqca böyük potensiala malik olan cənub bölgəsinin problemləri çərçivəsindədir. Azərbaycanın hər yerində soaial probğlemlər mövcuddur.

Bunu inkar etmək olmaz. Ancaq cənub bölgəsində bu problemlərdən doğan elə məqamldar var ki, onlar açıq-aşkar prioritet hal alıb. Bu prioritetlərin həlli yolunu göstərmək lazımdır. Mən bölgənin ağrılı yeri olan işsizlik probleminin həllini öz iqtisadi platformama salmışam.

Seçicilərimə obrazlı şəkildə desək belə bir mesaj göndərirəm: "Mən sizə pul paylamayacam, onu qazanmağa şərait yaradacam". Çoxsaylı problemlərin həllini yalnız dövlət tərəfindən veriləcək müavinət və ya sosial ayırmaların həcmini artırmaqla bitmiş hesab etmək olmaz.

Mənim namizəd olduğum bölgənin insanlarının qüruru, cəsarəti, təkəbbürü əsas verir ki, o pulu özləri qazansınlar. Bunun üçün də onlara şərait yaradılmalıdır.

-İqtisadi platformanızda işsizlik problemini hansı vasitələrlə aradan qaldırmağı planlaşdırmısınız?

- İşsizlik ağır və həlli o qədər də asan olmayan problemdir. Bunu hər hansı bir konkret addımla həyata keçirənlərə mən boş vəd verənlər kimi yanaşıram.

İşsizlik probleminin həlli öncə formalaşmaqda olan bazar iqtisadiyyatı şəraitində əlverişli investisiya imkanlarından keçir. Dövlət bu problemi qismən aradan qaldırmaq üçün bir neçə iqtisadi layihəni həyata keçirib müəyyən addımlar ata bilər.

Ancaq biz görürük ki, bununla problem tam həll olunmur. İşsizlik probleminin həlli bir sıra iqtisadi islahatların aparılmasından və yeni iqtisadi-sosial ab-havanın yaradılmasından keçir.

Bu problemin həllini investisiya layihələrini həyata keçirməkdə görürüksə, onda həmin bölgədə biznes üçün şərait olmalıdır. İnvestor bu sahəyə vəsait qoymalıdır.

Ancaq bununla yanaşı, problemin mövcudluğu bölgələrdə idarəetmə sisteminin düzgün qurulmamasından, insan hüquqlarının gözlənilən çərçivədə qorunmamsından da irəli gəlir.

Ümumiyyətlə, işsizlik problemini aradan qaldırılmasını böyük müəssisələrin açılmasında görmək sadəlövhlük olardı. Biz bu problemin həllini harada iş yeri varsa, insanları orada muzdlu formada işləməklə görməməliyik.

Elə bir şəarit yaranmalıdır ki, hər bir insan fərdi şəkildə, heç nədən, heç kimdən asıldı olmayaraq, kiçik müəssisələrdə çalışmaqla rifahını yaxşılaşdıra bilsin.

Məsələn, Lənkəran bölgəsinin talış mahalında bizim üçün ekzotik görünən, lakin bazar üçün önəm daşıyan həsirlərdən müxtəlif əşyaların toxunması və yaxud unudulmuş xalq sənətlərin bərpası mümkün olarsa bu da işsizlik probleminin həllinə yönəlmiş bir addım olacaq.

-İşsizlik probleminin qismən də olsa aradan qaldırmaq üçün investisiyanın qoyulması məsələsinə toxundunuz. Məhz cənub bölgəsinin hansı iqtisadi sahələrinə yerli və xarici investorları cəlb etmək olar?

-Bu məsələdə biz açıq-aydın heç bir - istər yerli olsun, istərsə də xarici investora sədd qoya bilmərik. Mən hesab edirəm ki, çoxlu sayda proseslər bir-biri ilə əlaqəli şəkildə həyata keçirilərsə orada artıq yerli və xarici biznes məhfumu itəcək.

Cənub bölgəsinin iqtisadiyyatının inkişafı üçün kifayət qədər yerli biznesmenlər yatırım qoyublar. Bilirsiniz, biznesin özü və iqtisadi artım zəncirvari prosesdir.

Burada əsas başlanğıcdır. Hər hansı formada bir və ya bir neçə sahəni müəyyən mənada inkişaf istiqaməti avtomatik olaraq digər sahələri də öz arxasınca aparacaq.

Adi tikinti biznesi onun arxasınca isə digər tikinti materiallarının istehsalı, emalı bölgələrə də ayaq açarsa, bu da işsizlik problemini qismən də olsa həllinə kömək göstərə bilər.

Cənub bölgəsinin kənd təsərrüfatı bərbad vəziyyətdədir. İnsanlar torpaqları ilə baş-başa qalıblar. Hökumət torpağı kəndliyə verəndən sonra kənara çəkilib. Kəndlini vergidən azad etməklə problemi həll etmiş hesab etmək olmaz.

Dövlət torpağı əkib becərmək üçün onlara güzəştli kreditlər ayırmalıdır. Bunlar həyata keçmədikdə isə problem üstünə problem gəlir.

Xarici investor bölgələrə necə yatırım qoysun ki, biznesini inkişaf etdirmək üçün orada şərait yoxdur. İdarəetmə orqanlarının məhdudiyyətləri, regionlarda adi qaz, işıq problemlərinin mövcudluğu güclü biznesmenlərin bura axınının qarşısını kəsib.

-İnsanların sosial rifahı naminə planınınzda nəzərdə tutduqlarınızı namizəd olduğunuz dairədə həyata keçirmək sizə asan görünür, yoxsa çətin?

-Deməzdim asan görünür. Verdiyim vədlərə ehtiyatla yanaşdığıma baxmayaraq, bütün məsələlərin həllinin məndən asılı olacağı barədə fikir işlətməyim bir qədər sadəlövhlük olardı.

Bu asılıdır parlamentin hansı keyfiyyətdə formalaşmasında, ölkənin yaxın gələcəkdəki vəziyyətində, ən başlıcası, mənim həmfikirlərimin çoxluğundan. Burada seçicilərin də aktivliyi önə çəkilməlidir. Şəxsən mən heç vaxt seçicilərimə demərəm ki, yalnız mənə səs verin.

Bu düzgün seçki şüarı deyil. Mən onları aktivliyə çağırıram. Gəlib dünənlərinə yox, sabahlarına səs versinlər, parlamentdə kimi görmək istədiklərinə səs verib sonradan ondan verdiyi vədlərin yerinə yetirmələrini tələb etsinlər.

Seçicilər seimlərində yanıla da, aldana da bilərlər. Lakin bu səhvi də düzəltmək asan ola bilər, əgər yenə də aktivlik göstərsələr və qorxmaz olmasalar.

-Etiraf edək ki, parlamentdə "susan" millət vəkillərinə də rast gəlmək mümkündür...

-Düzdür, belə millət vəkillərini qəbul etmək olmaz. Çünki parlamentdə yalnız təmsil olunmaq azdır.

Əsas odur ki, seçicilərə verdiyin vədləri həyata keçirməkdən ötrü fəaliyyət göstərəsən. Özü də bir mütəxəssis kimi yüksək tiribunadan öz səsini ucaldıb verdiyin vədlərin həyata keçməsinə çalışmalısan.

Millət vəkili mandatını qazanıb, hər ay buna görə maaş alıb, iclaslara müntəzəm gəlməklə millətin vəkili adını doğrultmaq olmaz. Fikrimcə, bu gün parlamentə yüksək ixtisaslı iqtisadçı və hüquqşünaslar böyük ehtiyac var. Bir iqtisadçı-alim kimi təcrübəm bunu deməyə mənə əsas verir.

-Dünya seçki praktikasında bu bir reallıqdır ki, çox vaxt seçici namizədin maddi imkanını nəzərə alıb ona səs verir. Buna münasibətiniz necədir?

-Seçici namizədə pulu, var-dövlətinə görə səs verməməlidir. Seçici namizədə qabiliyyətinə, dünyagörüşünə, intellektual səviyyəsinə, bacarığına və ən başlıcası şəffaflığına görə səs verməlidir.

Bu tərzdə düşünən seçicilər başa düşməlidirlər ki, səs verəcəkləri şəxs onların problemlərini öz hesabına həll etməyəcək. Seçicilər belə söz verən namizədlərə aldanmamalıdırlar. Bizi düşündürən problemlərin həllini əsasən dövlətdən tələb etmək lazımdır.

Problemlərin əksəriyyəti məhz dövlət hesabına həll edilməlidir. Bu gün artıq dövlətin buna imkanı çatır, bu imkanlar sabah daha geniş olacaq. Mən bunu 5 ilə yaxındır ki, neft gəlirləri ilə məşğul olan mütəxəssis kimi deyirəm.

Niyə biz dövlətin birbaşa vəzifəsini yerinə yetirmədiyinə göz yumub pulu kənarda və yaxud da hansısa imkanlı şəxsdə axtarırıq. Bütün bunları tələb edib yerlərə büdcə vəsaitini daha ədalətli bölmək deputatın ən ümdə vəzifəsidir.

Deputat seçilərəmsə öncə görəcəyim işlərdən biri də bu olacaq. Əlavə vəsait axtarıb tapmaq isə heç vaxt gec deyil və bu yardımçı xarakter daşımalıdır.

-Namizəd olduğunuz dairədə rəqiblərinizin gücünü necə qiymətləndirirsiniz? Ola bilərmi ki, hansısa rəqibinizin xeyrinə namizədliyinizi geri götürmək barədə fikirləşməli olacaqsınız?

-Bu barədə heç vaxt fikirləşmərəm. Mən seçkilərə onları udmaq üçün qoşulmuşam. Özümü də kifayət qədər arxayın hesab edirəm. Maraqlı cəhtlərdən biri də odur ki, seçkiyə yaxınlaşan hər gün bu arxayınçılığım artır.

75 saylı Lənkəran-Masallı seçki dairəsində mənimlə birlikdə 15 namizəd mübarizəyə qoşulub. Kifayət qədər güclü rəqiblərim var və onların hamısı bölgənin özündə fəaliyyət göstərənlərdir.

Elmi və ictimai fəaliyyətimə görə uzun illər bu bölgədən ayrı düşməyimə baxmayaraq, burada doğulub boya-başa çatdığıma görə bura mənə doğmadır.

Doğma elimdən kənarda topladığım təcrübəni, elmi, dünyagörüşünü onlarla bölməyin vaxtı artıq yetişdiyi üçün namizədliyi buradan verməyi özümə borc bilmişəm.

Xəbər lenti

Xəbər lenti