...

BAKIDA SAXLANILAN "PORA" FƏALLARI UKRAYNAYA DEPORTASİYA OLUNUB

Siyasət Materials 17 Sentyabr 2005 14:39 (UTC +04:00)

Bakıda saxlanılan Ukrayna XİN-nin müşaviri, "Pora" hərəkatının fəalı Sergey Yevtuşenko azad olunub və sentyabrın 17-də Ukraynaya deportasiya olunacaq. Bu barədə Trend ə senytabrın 17-də Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima bildirib.

Diplomat bu hərəkəti "Azərbaycanın müəyyən xidmət işçilərinin, o cümlədən sərhəd xidmətinin qeyri-səriştəliyi kimi" qiymətləndirib.

Onun sözlərinə görə, indiyə kimi onun saxlanılması və deportasiya olunması ilə bağlı heç bir sənəd təqdim olunmayıb. Səfirlik onun nə saxlanılması, nə də deportasiya olunması barədə məlumatlandırılmayıb.

"Biz beynəlxalq konvensiyaların, eyni zamanda, Vyana konvensiyasının və iki ölkə arasında hüquqi yardım konvensiyasının pozulması ilə əlaqədar Azərbaycan XİN-ə müraciət edərək yardım göstərmələrini xahiş etmişik", -deyə diplomat bildirib. "Bizim məhz konsul məsələləri üzrə hüquqi yardım barədə yaxşı bazamız var. Ona görə də biz bu məsələləri sakit həll edə bilərik", -deyə o qeyd edib.

"İnsan hüququnun pozulmasına yol verilib və bizim öz siyasi baxışlarından və vəzifəsindən asılı olmayaraq Azərbaycan ərazisində yerləşən hər bir ukraynalının insan haqlarını qorumaq borcumuzdur", -deyə ukraynalı diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti