...

ARİF VƏLİYEV: CARİ İLDƏ TAXIL İSTEHSALININ HƏCMİ 20-25 MİN TON AŞAĞI DÜŞƏCƏK

Siyasət Materials 17 Sentyabr 2005 14:45 (UTC +04:00)
ARİF VƏLİYEV: CARİ İLDƏ TAXIL İSTEHSALININ HƏCMİ 20-25 MİN TON AŞAĞI DÜŞƏCƏK

"Cari ildə Azərbaycanda taxıl istehsalının 2004-cü illə müqayisədə 20-25 min ton aşağı düşərək 2,13 mln tona bərabər olacağı proqnozlaşdırılır". Bu barədə sentyabrın 17-də keçirilmiş mətbuat konfransında Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, keçən il 2,158 mln ton taxıl istehsal olunub. Cari ilin 8 ayı ərzində bu rəqəm 2,04 mln ton təşkil edib. "Taxıl yığımının aşağı düşməsi əkin sahələrinin azalması il əlaqədardır, belə ki, cari ildə taxıl 14 min ha az sahədə əkilib. Bu isə fermerlərin taxıl yetişdirməyə olan maraqlarının azalması ilə izah olunur", - deyə A.Vəliyev qeyd edib.

O, həmçinin, məlumat verib ki, cari ildə yaşıl çay yarpaqları istina olmaqla, digər kənd təsərrüfatı məhsullarının istehsal həcminin artacağı proqnozlaşdırılır.

A.Vəliyev qeyd edib ki, ilin sonuna kimi kartof, üzüm, pambıq istehsalında artım müşahidə olunacaq. 1980-ci ildən sonra ölkədə üzüm sahələri 250 min ha-dan 8 min ha-ya qədər azalıb. Lakin ölkədə üzümün bahalaşması ilə əlaqədar fermerlərin bu məhsulu yetişdirməyə maraqları artıb.

DK sədri proqnozlaşdırır ki, ən yüksək artım pambıq istehsalında müşahidə olunacaq, belə ki, dünya bazarlarında onun bahalaşması ilə əlaqədar Azərbaycanda fermerlərdən alınan pambığın qiyməti də artıb. Nəticədə cari ildə keçən illə müqayisədə 30 min ha çox pambıq əkilib.

A.Vəliyev, həmçinin, onu da bildirib ki, ölkədə heyvandarlıq sabit templərlə inkişaf edir. "Hər il bu sahədə 2,2-5% artım qeydə alınır. 8 ay ərzində ölkədə iri buynuzlu mal-qaranın sayı 2,3 mln, xırda buynuzlu mal-qaranın sayı isə 7 mln təşkil edib. Belə göstəricilər Azərbaycanın tarixində ilk dəfə qeydə alınıb", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti