...

AKİF NAĞI ABEL MƏHƏRRƏMOVUN NAMİZƏDLİYİNİN LƏĞV OLUNMASINI TƏLƏB EDİR

Siyasət Materials 19 Sentyabr 2005 18:56 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd Akif Nağı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova məktubla müraciət edib. Bu barədə Trend ə Akif Nağının seçki qərargahından məlumat verilib.

Müraciətdə deyilir ki, onunla eyni seçki dairəsindən namizədliyini vermiş Abel Məhərrəmov artıq bir sıra ciddi qanun pozuntularına yol verib, Seçki Məcəlləsinin tələblərini pozaraq hələ də tutduğu vəzifəsində qalıb. Bu vəzifəsindən istifadə edərək dövlət qulluqçularının, o cümlədən polis əməkdaşlarının xidmətlərindən yararlanır.

A.Nağının bildirdiyinə görə, bir çox yerlərdə polis əməkdaşları təzyimq göstərməklə A.Məhərrəmovun plakatlarını yapışdırırlar, onun adamları dairə və məntəqə seçki komissiyasının üzvlərinə pul və vəzifə təklif edir: "Abel Məhərrəmov Universitetin müəllim və texniki əməkdaşlarından hədələmək yolu ilə istifadə edir, onların hər birinə ona səs verəcək adamların siyahısını gətirməyi tapşırıb.

Abel Məhərrəmovun dairə seçki komissiyasına gəlir və əmlakı ilə bağlı təqdim etdiyi məlumatlar da ciddi şübhə doğurur və mən bu məlumatların yoxlanışmasını tələb edirəm"-deyə Akif nağı müraciətində bildirib.

O, həmçinin göstərdiyi faktalar görə Abel Məhərrəmovun namizədliyini ləğv edilməsini tələb edib, qanunun aliliyi təmin olunmasa, özü tərəfindən atılacaq radikal addımların məsuliyyətinin MSK-nın üzərinə düşəcəyini bəyan edib.

Bu məsələ ilə bağlı MSK-dan isə bildirilib ki, yalnız şikayətə baxıldıqdan sonra müvafiq qərar çıxarıla blilər. MSK-nın katibi Natiq Məmmədov bildirib ki, bəzən namizədlərin öz təbliğatını qurması zamanı gördüyü tədbirlər rəqib namizədlər tərəfindən çox şişirdilir. N.Məmmədovun sözlərinə görə, əgər namizəd təbliğat kampaniyasında iştirak etməsini öz tanıdığı adamlardan xahiş edirsə, onları bu prosesə cəlb edirsə, bu, qanun pozuntusu deyil.

Çünki həmin vətəndaşın bu namizədin təbliğatında iştirakdan imtna etmək hüququ var. Əgər imtina etmirsə, deməli özü könüllü namizədin tədbilğatına köməklik göstərir. MSK katibi onu da qeyd edib ki, dövlət orqanlarında, bələdiyyə qurumlarında və kütləvi informasiya vasitələrində çalışan namizədlər bu vəzifədən azad olunublar və bu məsələdə qanunun aliliyi təmin olunub.

Lakin N.Məmmədov bildirib ki, namizədin seçiciləri ələ alması, seçki komissiyalarının üzvlərinə rüvşət təklif etməsi və digər vədlər verməsi cinayətdir.

"MSK-nın belə faktları araşdırmaq və sübuta yetirmək səlahiyyəti yoxdur.

Biz qanun pozuntularına dair faktların araşdırılması üçün həmin şikayətləri müvafiq hüquq-mühafizə orqanlarına ünvanlayırıq. Respublika Prokurorluğu sözügedən faktları aşkar edərsə, yalnız bundan sonra MSK-da həmin namizəd barəsində müvafiq qərarlar çıxarıla bilər"-deyə Natiq Məmmədov bildirib.

MSK katibi qeyd edib ki, ciddi qanun pozuntusuna yol verən istənilən şəxsin namizədliyi ləğv olunmaqla bərabər, onun əməllərində cinayət tərkibi varsa, qanunla nəzərdə tutulmuş qaydada həmin namizəd cinayət məsuliyyətinə də cəlb oluna bilər.

Xəbər lenti

Xəbər lenti