...

RƏSUL QULİYEV HƏBS OLUNARSA, ADP-ÇİLƏR BÜTÜN SEÇKİ KAMPANİYASINI ONUN MÜDAFİƏSİNƏ HƏSR EDƏCƏK

Siyasət Materials 21 Sentyabr 2005 16:29 (UTC +04:00)
"Rəsul Quliyev Azərbaycana gələndən sonra həbs olunarsa, biz seçkidən çəkiləcək, aramsız aksiyalar keçirəcək, xalqı itaətsizliyə çağıracağıq". Trend in məlumatına görə, bu barədə media nümayəndələrinə "Azadlıq" blokunun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib. O, bildirib ki, ADP sədrinin namizədliyi qeydə alındıqdan sonra toxunulmazlıq hüququnun ləğv olunması ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Baş prokurorun bu addımının qanunsuz olduğunu, həmçinin "Azadlıq" blokunun demokratik islahatların həyata keçirilməsi istiqamətlə hakimiyyətlə əməkdaşlığa hazır olduğunu müraciətində prezidentin diqqətinə çatdırıb. Qeyd edək ki, ADP-nin Ali Məclisi R.Quliyevin oktyabrın 15-dək Azərbaycan qayıtmasına dair qəti qərar qəbul edib. Bunun üçün R.Quliyevi müdafiə edən Milli komitə də yaradılıb, çoxsaylı partiyalar, ayrı-ayrı şəxslər bura qoşulublar. Rəsul Quliyev qayıdacağı təqdirdə həbs olunarsa, ADP-çilər bütün seçki kampaniyasını deputat mandatı uğrunda mübarizəyə deyil, liderlərinin müdafiəsinə həsr edəcəklər. Bunu deyən S.Cəlaloğlunun sözlərinə görə, onlar tərəfindən radikal addımların atılmaması üçün Rəsul Quliyevin təminatla qayıdışına nail olunması yönündə intensiv diplomatik danışıqlar aparılır. S.Cəlaloğlu iddia edib ki, R.Quliyevin həbs edilməsi hakimiyyətin ən riskli addımı olar və hökumət bu addımı atmayacaq. Çünki hakimiyyətin özündə R.Quliyevin Azərbaycana qayıtmasını istəyən şəxslər var. ADP funksioneri onu da əlavə edib ki, baş prokurorun qanunsuz olaraq Konstitusiya Məhkəməsinin səlahiyyətlərini icra etməsi ilə bağlı məhkəməyə müraciətlərinə də baxılmır.
Xəbər lenti

Xəbər lenti