...

BAKI DÖVLƏT UNİVERSİTETİNİN KAFEDRA MÜDİRİNİN MƏHKƏMƏSİ BAŞLANIB

Siyasət Materials 21 Sentyabr 2005 19:23 (UTC +04:00)

Sentyabrın 21-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə (ACDİÜM) hakim Tofiq Paşayevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, elmlər doktoru Məhəmməd Babanlının cinayət işi üzrə məhkəmə araşdırması başlanıb. Trend məlumat verir ki, 1994-cü ildən BDU-nun kimya kafedrasının müdiri işləyən Məhəmməd Babanlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə (Rüşvət alma) təqsirli bilinir. Məhkəmə iclası dövlət ittihamçısı Şahin Rəhimovun ittihamı elan etməsi ilə başlanıb. İttiham aktında isə qeyd olunur ki, Məhəmməd Babanlı Bakı şəhər sakini 27 yaşlı Elnarə İsmayılovadan 6.000 ABŞ dolları alaraq onu xarici ölkələrdən birində ali məktəbə düzəldəcəyini, sonra isə BDU-nun kimya fakültəsinə köçürülməsini vəd edib. E.Sadıqova sənədlərini və pulu professorun iş otağında ona təqdim edən zaman MTN əməkdaşları otağa daxil olublar. Axtarış zamanı rüşvət professora məxsus çantadan aşkar edilib.

Məhkəmədə ifadə verən Məhəmməd Babanlı bildirib ki, Elnarə Sadıqovanı keçmiş tanışı olan elmi işçi Əlikram Əsədovun vasitəsiylə tanıyıb. Ə.Əsədov ondan həmin qızı ali məktəblərdən birinə düzəltməyi xahiş edib. Məhəmməd Babanlı da öz növbəsində söz verib ki, qızı yaxın xarici ölkələrdən birində ali məktəbə düzəltməkdə köməklik göstərəcək. Təqsirləndirilən şəxs məhkəməyə görəcəyi işin müqabilində rüşvət istəmədiyini bildirib.

Hakim Tofiq Paşayev təqsirləndirilən şəxsdən ibtidai istintaq zamanı ona təzyiq göstərilib-göstərilməməsi ilə maraqlanıb. Məhəmməd Babanlı bildirib ki, ona heç kəs təzyiq göstərməyib. İzahat və ifadəsini özü yazıb. Hakim həmin izahat və ifadəni elan etdi və məlum oldu ki, Məhəmməd Babanlı istintaq zamanı hər iki halda Elnarə Sadıqovadan rüşvət aldığını etiraf edib.

Məhkəmə iclası sentyabrın 28-də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti