...

FƏRƏC QULİYEVİN MƏHKUMLUĞU ÜZƏRİNDƏ SAXLANILDI

Siyasət Materials 26 Sentyabr 2005 19:33 (UTC +04:00)

Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi, Mübariz Zeynalovunsa hakimliyi ilə Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyevin məhkumluğunun ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb. Bu barədə Trend ə Fərəc Quliyevin vəkili Aydın Nəzərli məlumat verib.

Vəkilin sözlərinə görə, Fərəc Quliyev 2002-ci ilin mart ayında əfv olunandan sonra məhkumluğunun çəkilməmiş hissəsinin üzərindən götürülməsi ilə bağlı bir neçə məhkəmə instansiyasına müraciət etsə də müsbət nəticə əldə edə bilməyib. Ali Məhkəməyə sonuncu müraciətindən sonra iş qovluğu yenidən baxılması üçün Azərbaycan Respublikası Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasına qaytarılıb və hakim Mübariz Zeynalovun icraatına verilib. A.Nəzərli: "Lakin bu dəfə də məhkəmə müxtəlif bəhanələr gətirərək Fərəc Quliyevin məhkumluğunu ləgv etmədi. Hakim qərarını onunla əsaslandırdı ki, iş materiallarının içərisində Fərəc Quliyevin məhkum olduğu müddətdə cəzaçəkmə müəssisəsində davranışı barədə arayış yoxdur. Bu, olduqca gülünc bəhanə idi. Çünki məhkəməyə müraciət edən şəxs hazırda cəzaçəkmə müəssisəsində deyil ki, onun davranışı əsas götürülsün".

Vəkil onu da bildirdi ki, bu, Fərəc Quliyevin müraciət etdiyi sonuncu instansiya deyil və yaxın gələcəkdə müvafiq orqanlara, o cümlədən, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər ünvanlanacaq.

Xəbər lenti

Xəbər lenti