...

XƏZƏRİN STATUSU ÜZRƏ BEŞTƏRƏFLİ BEYNƏLXALQ DANIŞIQLARDA İRANI MEHDİ SƏFƏRİ TƏMSİL EDƏCƏK

Siyasət Materials 29 Sentyabr 2005 17:04 (UTC +04:00)

Oktyabrın 6-da Bakıda Xəzərin statusu üzrə Xəzəryanı ölkələr arasında aparılacaq beştərəfli danışıqlarda İranı bu ölkənin prezidentinin Xəzər problemi üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri təmsil edəcək. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Lütfəli Əzimzadənin Trend ə bildirdiyi kimi, M.Səfəri xarici işlər nazirinin Asiya, Okeaniya və MDB ölkələri üzrə müavinidir və İranın Xarici İşlər Nazirliyinin 5 nəfərdən ibarət nümayəndə heyətini müşayiət edəcək. Səfər çərçivəsində M.Səfəri Xəzərin statusu üzrə Azərbaycan-İran danışıqlarında iştirak edəcək. İşçi qrupunun növbəti 18-ci iclasında 5 Xəzəryanı ölkənin Xəzərin statusu üzrə mövqelərinin yaxınlaşdırılması ilə bağlı məsləhətləşmələr və ekoloji problemlər üzərində işlər davam etdiriləcək, bioloji ehtiyatlardan istifadə və onların qorunması, hidrometeorologiya, dəniz və hərbi gəmiçilik sahəsində sazişlərin layihələri razılaşdırılacaq.

Xatırladaq ki, bu danışıqlarda Azərbaycanı xarici işlər nazirinin müavini, Xəzərin statusunun müəyyən edilməsi üzrə prezidentin xüsusi nümayəndəsi Xələf Xələfov təmsil edir.

Danışıqlar əvvəlcə avqustun sonuna təyin olunsa da, ekspertlərin cədvəllərinin üst-üstə düşməməsi ilə əlaqədar görüş başqa vaxta keçirilib. Görüş Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti