...

"AZADLIQ" BLOKU QƏRARINDA İSRARLIDIR

Siyasət Materials 30 Sentyabr 2005 11:35 (UTC +04:00)

"Azadlıq" bloku qərarında israrlıdır, oktyabrın 1-də saat 16.00-dan 18.00-dək "28 may" meydanında mütləq mitinq keçiriləcək". Bu barədə Trend agentliyinə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu onu da qeyd edib ki, mitinq iştirakçılarına blok rəhbərliyi tərəfindən tapşırıq verilib: "Qanunun tələblərinə uyğun olaraq polisə müqavimət göstərilməyəcək. Əgər mitinq iştirakçıları qanunsuz hərəkətlər edərəsə, onlar özümüz tərəfindən cəzalandırılacaq. Ancaq bizim planlaşdırdığımız mitinq qanuni olduğu üçün baş verə biləcək hadisələrə məsuliyyət iqtidarın üzərində qalacaq".

ADP səlahiyyətlisi mitinq iştirakçılarının əllərində gül dəstələri ilə yanaşı seçki ilə bağlı müxtəlif şüarların da olacağını qeyd edib: "İnqilab rəmzimiz olan narıncı bayraqlar da dalğalanacaq. Əsas məqsədimiz meydana daxil olub seçicilərimizlə görüşmək imkanı əldə etməkdir".

S.Cəlaloğlu oktyabrın 1-ə planlaşdırılan mitinqə Müsavat Partiyasının təşkilatçılıq edəcəyini də söyləyib.

Xəbər lenti

Xəbər lenti