...

ELDAR SƏLİMOV: AZƏRBAYCANLA BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ ARASINDA QARŞILIQLI ƏLAQƏLƏRİN İNKİŞAFINDA YENİ DÖVR BAŞLAYIR

Siyasət Materials 30 Sentyabr 2005 14:28 (UTC +04:00)
ELDAR SƏLİMOV: AZƏRBAYCANLA BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ ARASINDA QARŞILIQLI ƏLAQƏLƏRİN İNKİŞAFINDA YENİ DÖVR BAŞLAYIR

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Fövqəladə və Səlahiyyətli səfirinin Trend ə müsahibəsi

- Cənab səfir, Azərbaycanla BƏƏ arasında mövcud ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?

- Bu gün hər iki ölkə arasında bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün hər cür imkan var. BƏƏ-nin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyinin ən bariz təsdiqi bu günlərdə Bakıda Əmirliklərin mədəniyyət günlərinin keçirilməsidir.

Qeyd etmək istərdim ki, bu, ikitərəfli əlaqələrin inkişafı tarixində ilk dəfə baş verir. BƏƏ də öz tarixində ilk dəfə olaraq xaricdə belə bir tədbir keçirir. Mədəniyyət günlərinin məhz Azərbayanda keçirilməsi BƏƏ rəhbərliyinin ölkəmizə böyük əhəmiyyət verməsini bir daha sübut edir.

- Hər iki ölkənin siyasi əlaqələri hansı inkişaf səviyyəsindədir və sizcə, hər hansı bir düzəlişə ehtiyac varmı?

- Hər iki ölkə arasında siyasi əlaqələr sahəsində qarşılıqlı anlaşma mövcuddur. BƏƏ rəhbərliyi hər zaman Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi dəstəkləyərək erməni təcavüzünü pisləyib və bu prinsipial mövqeyində qalmaqda davam edir. Bu məsələ ilə bağlı ölkələr arasında heç bir fikir ayrılığı yoxdur. Həmçinin, BMT, İKT və digər beynəlxalq təşkilatlarla da qarşılıqlı anlaşma mövcuddur.

- Azərbaycanla BƏƏ arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Hər iki tərəf iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir. Onların inkişafı, BƏƏ tərəfindən Azərbaycana investisiyaların cəlb olunması üçün böyük potensial var.

Bu məqsədlə BƏƏ-dəki səfirliyimiz və müvafiq strukturlar tərəfindən müəyyən işlər görülür. Əsas diqqət sənaye, neft qaz sektoru və infrastrukturun inkişafına yönəldilib.

Lakin kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək, Azərbaycanın kənd təsərrüfatı məhsullarını BƏƏ bazarlarına ixrac etmək də yaxşı olardı.

Bundan başqa, turizm sahəsində əməkdaşlığa da müəyyən maraq yaranıb.

Səfirlik BƏƏ-nin iş adamlarını bu sahəyə investisiya qoyuluşuna cəlb etmək məqsədilə forumlar keçirməyi planlaşdırır. Yaxın zamanlarda Əbu-Dabidə hər iki ölkənin iş adamlarının iştirakı ilə Azərbaycanda turizmin investisiya imkanlarına həsr olunmuş biznes-forum keçirməyi, həmçinin, ərəb biznesmenlərinin Azərbaycana cavab səfərini təşkil etməyi planlaşdırırıq.

- İkitərəfli rəsmi görüşlər zamanı iqtisdi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə təkliflər səslənirdi. Bu məsələnin həlli nə yerdədir?

- Bəli, belə komissiyanın yaradılması ideyası mövcuddur və onu inkişaf etdirmək vacibdir. Bunun üçün ilk növbədə müvafiq müqavilə-hüquqi əsas yaratmaq lazımdır. Müəyyən müqavilə-hüquqi baza var, lakin o, inkişaf etdirilməlidir.

Həmçinin, hökumətlərarası komissiyanın yaradılmasını nəzərdə tutan iqtisadi-ticarət əməkdaşlığına dair sazişin layihəsi də imzalanmağa hazırdır. Ümid edirik ki, komissiyanın fəaliyyəti həm iqtisadi, həm də mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edəcək.

Təhsil sahəsində əməkdaşlıq nəticəsində artıq müəyyən nailiyyətlər əldə olunub. Biz müntəzəm olaraq BƏƏ rəhbərliyini Azərbaycanda təhsilin imkanları barədə məlumatlandırırıq. Lakin, ölkəmizdə BƏƏ-dən olan tələbələrin sayı çox deyil və bu istiqamətdə işlər davam etdirilir.

Biz iqtisadi-ticarət, səhiyyə, təhsil sahələrində əməkdaşlıq, investisiyaların qorunmasına dair sazişlər paketi hazırlamışıq. Ümid edirəm ki, onlar yaxın zamanlarda imzalanacaq və bununla da Azərbaycanla BƏƏ arasında gələcək qarşılıqlı faydalı əməkdaşlığın təməli qoyulacaq.

- Dövlət başçıları səviyyəsində rəsmi səfərlər planlaşdırılırmı?

- Bəli, hazırda biz Azərbaycan prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfərinə hazırlıq görürürük. Artıq səfərin tarixi razılaşdırılır. Ümid edirik ki, ilin sona kimi səfər baş tutacaq. Səfər zamanı biz artıq yuxarıda qeyd etdiyim ikitərəfli sənədlər paketini imzalamağı planlaşdırırıq.

Güman edirəm ki, bu səfər Azərbaycanla BƏƏ arasında əməkdaşlığın inkişafında yeni dövrün əsasını qoyacaq. Bundan başqa, ilin sonuna kimi Şarca Əmirliyinin əmiri Sultan Bən Məhəmməd Əl Qasiminin Azərbaycana rəsmi səfəri gözlənilir. Səfər çərçivəsində Şarca günləri, həmçinin, hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək .

Qeyd edim ki, Şarca iqtisadi əhəmiyyətinə görə BƏƏ-də üçüncü əmirlikdir və ölkə istehsalının 60%-i onun payına düşür. Bu planda onun ölkəmizə səfəri Azərbaycanla BƏƏ arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar açacaq.

Xəbər lenti

Xəbər lenti