...

SÜLHƏDDİN ƏKBƏR: "İSA QƏMBƏR XARİCDƏN PUL ALMAYIB"

Siyasət Materials 4 Oktyabr 2005 17:27 (UTC +04:00)

"Müsavat Partiyasının başqanı İsa Qəmbər heç bir xarici ölkədən və heç bir qeyri -hökumət təşkilatından pul almayıb". Bu barədə Trend agentliyinə Müsavat Partiyası başqanının müavini Sülhəddin Əkbər bildirib.

Qeyd edək ki, Türkiyədə nəşr olunan "Aydınlıq" qəzetinin 2 oktyabr tarixli sayında Müsavat başqanı İsa Qəmbərin ABŞ, İsrail və Böyük Britaniyanın müxtəlif təşkilatlarının nümayəndələri ilə görüşləri zamanı ona vəd edilən maliyyədən söhbət açılıb. Bildirilib ki, başqana ABŞ təkilatları 10 milyon, İsrail 5 milyon, Böyük Britaniya isə 500 min funt sterlinq verməyi vəd edib. ABŞ-ın vəd etdiyi pul Kanada banklarının birində saxlanılır. Böyük Britaniyanın verəcəyi pul isə ABŞ-a qaçan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyev vasitəsilə reallaşdırılacaq.

S.Əkbər bildirib ki, İsa Qəmbərin xaricdən pul almasına ehtiyacı da yoxdur: "Bu bir ağ yalandır ki, ortaya atmaqla müxalifəti cəmiyyətin gözündən salmağa cəhd göstərilib".

ADP sədrinin müavini Elman Salayev də sədrlərinin heç bir xarici dövlətdən pul almadığını, məlum məsələni Azərbaycan hakimiyyəti ilə Türkiyənin "Aydınlıq" qəzetinin birgə hazırladığı ssenari adlandırıb: "Heç bir xarici dövlət rəsmisi və ya qeyri-hökumət təşkilatının rəhbəri deyə bilməz ki, Rəsul Quliyevə pul verib. Qəzetin yazdıqları seçkiöncəsi iqtidarın planıdır".

Xəbər lenti

Xəbər lenti