...

ERMƏNİSTANDA KEÇİRİLƏCƏK "ROUZ ROUT" SEMİNARINDA İŞTİRAK ETMƏK ÜÇÜN AZƏRBAYCANA DƏVƏT GƏLMƏYİB

Siyasət Materials 4 Oktyabr 2005 19:02 (UTC +04:00)

"NATO Parlament Assambleyasının oktyabrın 6-9 arası Ermənistanda keçirəcəyi "Rouz Rout" seminarında iştirak etmək üçün Azərbaycana dəvət göndərilməyib". Bu barədə Trend agentliyinə Milli Məclisin təhlikəsizlik və müdafiə komissiyasının üzvü, millət vəkili Vaqif Abdullayev bildirib.

Onun sözlərinə görə, dəvət gəlsəydi belə, onlar adıçəkilən seminarda iştirak etməyəcəkdilər: "Azərbaycan parlamentariləri onlarla birgə hansı təhlükəsizlik məsələlərini müzakirə edə bilərlər ki, özləri bizim dövlətə təcavüz ediblər".

Milli Məclisin təhlükəsizlik və müdafiə komissiyasının digər üzvü, millət vəkili Əliməmməd Nuriyev də həmkarının fikrini dəstəkləyərək adıçəkilən seminarda Azərbaycan nümayəndə heyətinin iştirakını mümkün saymayıb: "Seminarda Cənubi Qafqazın təhlükəsizliyi barədə məsələnin müzakirəsi nəzərdə tutulub. Hansı ki, elə Ermənistanın özü Cənubi Qafqazda təhlükə mənbəyidir. Biz onlarla bu məsələnin müzakirəsində bir masa arxasında əyləşə bilmərik".

Adıçəkilən komissiyanın üzvü, millət vəkili Rauf Qurbanov isə bildirib ki, belə seminarların Ermənistan ərazisində keçirilməsi düzgün deyil: "Bu ünvanı seçən təşkilatçılar Azərbaycanla Ermənistanın münasibətlərini daha da alovlandırır. Onlar bilirlər ki, Azərbaycan tərəfi Ermənistana getməyəcək. Tədbiri Tiflisdə keçirmək daha məqsədəuyğun olardı".

Qeyd edək ki, NATO Parlament Assambleyasının 6-9 oktyabrda keçiriləcək "Rouz Rout" seminarında dünyanın 15 ölkəsindən 120 nümayəndənin və 20-dən çox beynəlxalq təşkilatın iştrak edəcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti