...

8 NAMİZƏD MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA MÜRACİƏT EDİB

Siyasət Materials 4 Oktyabr 2005 20:35 (UTC +04:00)

"Azad və Ədalətli Seçkilər Uğrunda" Birlik (AƏSUB) oktyabrın 5-də Mərkəzi Seçki Komissyasının (MSK) sədri Məzahir Pənahova məktubla müraciət edəcək". Bu barədə Trend agentliyinə AƏSUB-də təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

E.Musayevin sözlərinə görə, bu barədə AƏSUB-də təmsil olan 8 namizədin oktyabrın 4-də keçirdiyi toplantısında qərara alınıb. MSK sədrinə müraciətin edilməsində səbəb 19 saylı birinci Nərimanov seçki dairəsində namizədlər üçün bərabərhüquqlu şəraitin yaradılmamasıdır: "Rayon ərazisində seçicilərlə görüşümüzə imkan verilmir, rayon icra hakimiyyəti strukturları tərəfindən buna şərait yaradılmır, təbliğat-təşviqat materialları cırılır və s.".

AƏSUB-un MSK qarşısında qaldırdığı problemlər həll olunmayacağı təqdirdə daha yüksək instansiyalara müracəit ediləcəyi gözlənilir.

Qeyd edək ki, AƏSUB 19 saylı birinci Nərimanov seçki dairəsindən namizədliyi qeydə alınan 8 şəxsin birgə təşəbbüsü ilə yaradılıb. Məqsəd namizədlərin hüquqlarının qorunması ilə yanaşı seçkilərin demokratik keçirilməsinə yardım etməkdir. Birliyə BAP sədri Elşad Musayev, Müsavat sədrinin müavini Sülhəddin Əkbər, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və digər 5 müstəqil namizəd daxildir.

Xəbər lenti

Xəbər lenti