...

"QARABULAQ" İSTİRAHƏT MƏRKƏZİNİN DİREKTOR MÜAVİNİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Siyasət Materials 5 Oktyabr 2005 15:23 (UTC +04:00)

Oktyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Şakir Ələsgrovun sədrliyi ilə "Qarabulaq" İstirahət Mərkəzinin direktor müavini işləmiş, qanunsuz sursat və narkotik maddə saxlamaqda təqsirləndirilən Cəbrayıl Axundovun məhkəməsi başa çatıb. Trend məlumat verir ki, Cəbrayıl Axundov məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm sənədində qeyd olunub ki, bu ilin mart ayında MTN əməkdaşları tərəfindən Hacı Məmmədovun dəstəsinin üzvü kimi həbs edilmiş Cəbrayıl Axundovun yaşadığı mənzildə axtarış aparılarkən tratil şaşkası və narkotik maddə aşkar edilib. Məhkəmə istintaqı zamanı Cəbrayıl Axundov mənzildən tapılmış həmin sursat və heroin ona məxsus olmadığını iddia etsə də fakt şahid ifadələri ilə təsdiqlənib.

Lakin müttəhimin vəkili Səməd Həsənov hökmlə razılaşmır və o, yaxın günlərdə hökmdən apellyasiya şikayəti verəcək. S.Həsənov: "Cəbrayıl Axundov məhkəmə istintaqı zamanı dəfələrlə həmin əşyaların onun yaşadığı mənzilə axtarış aparmağa gələn MTN işçiləri tərəfindən gətirildiyini söyləyib. Hesab edirik ki, onun barəsində çıxarılmış hökm qərəzli və qanunsuzdur. Məhkəmə hökmünün sürətini hakim tərəfindən bizə təqdim olunan kimi Apellyasiya Məhkəməsinə müraciət edəcəyik".

Xəbər lenti

Xəbər lenti