...

MİLLİ ELMLƏR AKADEMİYASININ ELMİ İŞÇİ MƏHKƏMƏDƏ DİNDİRİLİB

Siyasət Materials 5 Oktyabr 2005 16:41 (UTC +04:00)

Oktyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə (ACDİÜM) hakim Tofiq Paşayevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, elmlər doktoru Məhəmməd Babanlının cinayət işi üzrə məhkəmə araşdırması davam edib. Trend məlumat verir ki, 1994-cü ildən BDU-nun kimya kafedrasının müdiri işləyən Məhəmməd Babanlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə (Rüşvət alma) təqsirli bilinir.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, filoloq Əlikram Əsədov məhkəmə iclasında şahid qismində dindirilib. Ə.Əsədov ifadəsində göstərib ki, bu ilin may ayında Bakı Dövlət Universitetinə işə düzəlməklə bağlı məsləhətləşmək üçün tanışı Məhəmməd Babanlının yanına gəlib. Universitetin birinci mərtəbəsində əvvəllər Elnarə İsmayılova ilə təsadüfən tanış olub. Söhbət əsnasında ona məlum olub ki, 27 yaşlı qadın ali təhsil almaq istəyir. Məsləhət almaq üçün birlikdə Məhəmməd Babanlının yanına gəliblər. Babanlı isə öz növbəsində bu məsələdə qadına kömək edə biləcəyini söyləyib və bunun müqabilində 6.000 ABŞ dolları istəyib.

"Sonradansa televizordan eşitdim ki, Məhəmməd Babanlı öz iş otağında həmin qadından rüşvət aldığı vaxt həbs edilib" - deyə şahid söyləyib.

Lakin hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan etdikdə məlum olub ki, onun ifadələri arasında çoxlu ziddiyyətlər mövcuddur.

Məhkəmə iclası oktyabrın 12-də şahid ifadələri ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti