...

AZƏRBAYCAN LİBERAL PARTİYASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA HƏLLEDİCİ SƏS QAZANMAQ İSTƏYİR

Siyasət Materials 5 Oktyabr 2005 17:39 (UTC +04:00)

"Azərbaycan Liberal Partiyası (ALP) Mərkəzi Seçki Komissiyasında (MSK) həlledici səs hüquqlu üzv kimi təmsil olunmaq istəyir". Bu barədə Trend ə ALP sədrinin müavini Elman Məmmədzadənin imzası ilə daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, ALP-nin Milli Məclisə seçkilərdə 70 namizədlə iştirak etməsi ona əsas verir ki, Yeni Azərbaycan Partiyası (YAP), "Azadlıq" və "Yeni Siyasət" (YES) seçki blokları ilə bərabər şəraitdə MSK-da təmsil olunsun: "MSK-nın tərkibində YAP-ın 6, "Azadlıq" blokunun 3, "YES"-in isə 1 üzvü olduğu halda ALP-nin bu qurumda həlledici səs hüquqlu üzvü yoxdur".

Məlumatda bunun Azərbaycan Konstitusiyasının 25-ci və Seçki Məcəlləsinin müvafiq maddələrinə zidd olduğunu qeyd edən ALP rəsmiləri məsələyə aydınlıq gətirmək üçün MSK səlahiyyətlilərinin qəbuluna düşə bilmədiklərini də önə çəkiblər: "Təklif edirik ki, MSK-nın iş rejimi sadələşdirilsin, seçki subyektlərinin səlahiyyətli nümayəndələrinin MSK ilə səmərəli əməkdaşlığı bərpa edilsin".

MSK-nın mətbuat xidmətindən isə ALP-nin gətirdiyi arqumentlər təkzib edilib. Bildirilib ki, adıçəkilən partiyanın heç bir nümayəndəsi MSK tərəfindən geri qaytarılmayıb.

Xəbər lenti

Xəbər lenti