...

PREZİDENT İLHAM ƏLİYEV KÜRDƏMİRƏ SƏFƏR EDİB

Siyasət Materials 6 Oktyabr 2005 14:18 (UTC +04:00)
PREZİDENT İLHAM ƏLİYEV KÜRDƏMİRƏ SƏFƏR EDİB

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Kürdəmirdə səfərdə olub. Trend in məlumatına görə, dövlət başçısının səfəri rayonda Heydər Əliyevin abidəsinin açılışı ilə başlanıb. Sonra İlham Əliyev Heydər Əliyev Muzeyində olub, daha sonra Kürdəmir ictimaiyyəti ilə görüş keçirib, yerli sakinlər qarşısında çıxış edib.

İlham Əliyev bildirib ki, bir müddət əvvəl rayona yeni icra başçıçı təyin etdikdən sonra görülən işlər sürətlənməyə başlayıb, Kürdəmirin məişət problemləri artıq həllini tapmaqdadır. Onun sözlərinə görə, ölkənin büdcəsi getdikcə artır, ona görə də imkan genişləndikcə Azərbaycanın sosial problemlərinin həllinə yavaş-yavaş nail olunur və bu işdə yerli icra başçılarından da çox şey asılıdır. Prezident çıxışında onu da qeyd edib ki, bölgələrdə yeni stansiyalar istifadəyə veriləcək, elektrik enerjisinin gücünün artırılması enerji probleminin həlli ilə nəticələnəcək.

Daha sonra prezident bildirib ki, qarşıdan gələn parlament seçkisinin 1-ci mərhələsı - namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi uğurla başa çatıb, qanun pozuntularına rast gəlinməyib və bunun nəticəsində hazırda 2 mindən çox namizəd deputat mandatı uğrunda mübarizə aparır. Prezidentin sözlərinə görə, seçkilərin ikinci mərhələsi - namizədlərin təbliğat-təşviqat kampaniyası da uğurla gedir, bütün namizədlərə bərabər şərait yaradılır. İlham Əliyev deyib ki, Seçki Məcəlləsinin və 11 may tarixli sərəncamın icrası uğurla aparılır, lakin bəzi yerlərdə sərəncamın tələbləri pozulur. Onun sözlərinə görə, bu məsələ də tənzimlənir.

İlham Əliyev onu da vurğulayıb ki, seçki ərəfəsində kiminsə bütün namizədlər üçün yaradılan bərabər şəraitdən, demokratik seçki mühitindən öz çirkin məqsədləri üçün istifadə etməsinə imkan verilməyəcək: "Azərbaycan xalqı verilən sözə inanır, lakin onun arxasında konkret əməl dayanmayanda sözə inam itir. Yalnız seçkidən-seçkiyə xalqla təmasda olanlara xalq təbii ki, inanmır",-deyə prezident vurğulayıb.

Prezident çıxışında diqqətə çatdırıb ki, parlament seçkiləri hakimiyyətin həyata keçirdiyi uzunmüddətli proqramların icrasını dayandıra bilməz: "Bizim inkişaf proqramlarımız mərhələlərlə icra olunur, biz hələ proqramın birinci mərhələsindəyik. 2008-ci ildə beş illik proqramın icrası ilə bağlı xalqa hesabat veriləcək, həmin ildən sonra növbəti proqram təqdim olunacaq. Söz verirəm ki, sizin problemləriniz həllini tapacaq"-deyə İlham Əliyev çıxışında bildirib.

Sonra prezident Kürdəmirdə inşasına başlanılacaq olimpiya kompleksinin təməlatma mərasimində iştirak edib. Bundan sonra dövlət başçısı Kürdəmirdə taxıl emalı ilə məşğul olan "Aveta" Məhdud Məsuliyyətli Cəmiyyətə baş çəkib.

Xəbər lenti

Xəbər lenti