...

SEÇKİNİ İZLƏYƏCƏK 154 BEYNƏLXALQ MÜŞAHİDƏÇİ QEYDİYYATDAN KEÇİB

Siyasət Materials 7 Oktyabr 2005 13:51 (UTC +04:00)

Noyabrın 6-da keçiriləcək parlament seçkilərini izləyəcək beynəlxalq müşahidəçilərdən 154 nəfəri qeydiyyatdan keçib. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O bildirib ki, 154 nəfərdən 74 nəfəri Müstəqil Dövlət Birliyinin (MBD) müşahidə missiyasına daxil olan müşahidəçilərdir.

46 nəfər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 25 nəfər Fransanın Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin, 3 nəfər MDB Parlament Assambleyasının, 3 nəfər Beynəlxalq Böhran Qrupunun, 2 nəfər Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), 1 nəfər isə Avrasiya Fondunun müşahidəçiləridir.

Azər Saryıyev onu da bildirib ki, MSK-nın "qaynar xətti"nə indiyədək 477 zəng daxil olub. Onun sözlərinə görə, sonuncu 9 şikayətdən yalnız 5-i MSK-ya aid şikayət olub. Digər 4 nəfərin şikayəti isə MSK-nın səlahiyyətlərinə aid olmadığından onların müraciətlərinə baxılmayıb. MSK nümayəndəsi bildirib ki, "qaynar xətt" seçici siyahıları və seçici vəsiqələri ilə bağlı problemləri aradan qaldırmaq üçün yaradılmışdı. Hazırda seçici siyahılarında düzəlişlər aparılması işi artıq MSK-ya deyil, məhkəmələrin səlahiyyətlərinə aid olduğundan seçici siyahıları ilə bağlı şikayətlər qəbul edilmir. Yalnız seçici vəsiqəsi almayan vətəndaşların problemləri "Qaynar xətt" vasitəsilə həllini tapır.

Xəbər lenti

Xəbər lenti