...

VƏTƏNƏ XƏYANƏTDƏ TƏQSİRLƏNDİRİLƏNLƏRİN MƏHKƏMƏSİ BİTİB

Siyasət Materials 7 Oktyabr 2005 16:16 (UTC +04:00)

Oktyabrın 7-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim Qədim Babayevin sədrliyi ilə vətənə xəyanətdə təqsirləndirilən əsgərlərin məhkəməsi yekunlaşdırılıb. Trend məlumat verir ki, Tərtərdəki N saylı hərbi hissənin əsgərləri Ruslan Bəkirov, Xəyal Abdullayev və Hikmət Tağıyev vətənə xəyanət, fərarilik və hərbi növbətçilik qaydalarının pozulması cinayətlərində təqsirləndiriliblər.

Hakim çıxışında qeyd edib ki, hər üç əsgər 15 fevral 2005-ci il tarixdə xidmət etdikləri hərbi hissəni özbaşına tərk ediblər. Tərtərin "Tülkü dərəsi" adlanan ərazisinə - ermənilərlə yaxın məsafəyə gəliblər və könüllü şəkildə düşmənə tərəf keçiblər.

Hakim hesab edib ki, ərgərlərin cinayət xarakterli əməlləri məhkəmə yolu ilə təsdiqini tapıb. Bunu nəzərə alan hakim Xəyal Abdullayevin 12, Ruslan Bəkirovun 12, Hikmət Tağıyevinsə 11 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Lakin müttəhimlərin vəkilləri hökmlə razılaşmayaraq bildiriblər ki, hər üç əsgər məhkəmə iclasında ifadə verərkən düşmən tərəfə könüllü yox, meşədə yolu azaraq keçdiklərini söyləyiblər. Əsirlikdə qaldıqları üç ay ərzində isə düşmənə Azərbaycanın mənafeyinə zidd olan heç bir məlumat və hərbi sirr verməyiblər. Bu hallar məhkəmədə də sübuta yetirilməyib. Bunları nəzərə alan vəkillər hökmdən apellyasiya şikayəti verməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti