...

MÜBARİZ QURBANLI: "İQTİDAR NORMAL QÜVVƏLƏRLƏ DİALOQA HAZIRDIR"

Siyasət Materials 7 Oktyabr 2005 16:18 (UTC +04:00)

"İqtidar ermənilərə işləyən, dialoq adı altında siyasi al-ver edən müxalifətlə dialoq aparmayacaq. Biz normal qüvvələrlə dialoqa hazırıq". Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

YAP səlahiyyətlisi qeyd edib ki, dialoq məsələsini gündəmə gətirən "Azadlıq" blokunun liderləri indi başqa məqsəd güdürlər: "Onlar xalqın gözündə özlərini sülhsevər bir qüvvə kimi göstərmək məqsədilə belə bəyanatlarla çıxış edirlər. Bir neçə dəfə dialoqumuz olub, nə məsələlərin həllinə nail olublar ki, yenidən bu fikirdədirlər".

M.Qurbanlı onu da bildirib ki, Azərbaycan müxalifəti bəzi xarici qüvvələrin sifarişini yerinə yetirir. İqtidarla dialoq məsələsi də onların özlərinin yox, həmin qüvvələrin tapşırığıdır: "Adlarını "azadlıq" qoyublar, xalqın onları dəstəklədiyini deyirlər. Əksinə xalq "Azadlıq"dan azad olmaq istəyir".

Qeyd edək ki, oktyabrın 5-də ABŞ Dövlət Departamenti Azərbaycan iqtidarı ilə müxalifətin dialoq təşəbbüsü ilə çıxış edib. Oktyabrın 6-da isə "Azadlıq" bloku bəyanat verərək dialoqa hazır olduqunu bildirib.

Xəbər lenti

Xəbər lenti