...

RƏSUL QULİYEVİN QARŞILANMASI İLƏ BAĞLI ADP TƏDBİRLƏR HAZIRLAYIR

Siyasət Materials 7 Oktyabr 2005 19:09 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin ölkəyə qayıdacağı gün onun qarşılanması ilə əlaqədar partiyanın müvafiq orqanlarına tapşırıqlar verilib. Trend in məlumatına görə, oktyabrın 7-də ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun rəhbərliyi ilə partiyanın İdarə Heyətinin və Mərkəzi Aparatın növbədənkənar iclası keçirilib. İclasda Rəsul Quliyevin qarşılanması məqsədi ilə partiya üzvlərinin və tərəfdarlarının səfərbər olunması üçün İdarə Heyəti üzvləri və Mərkəzi Aparatın şöbə müdirləri, habelə deputatlığa namizədlər arasında müvafiq iş bölgüsü aparılıb.

Sərdar Cəlaloğlu qarşılanma mərasimini pozmaq məqsədilə hökumətin bəzi təxribatlar hazırlaması haqqında məlumatlar aldığını bildirib. O, ADP-çilərə R.Quliyevin qarşılama mərasiminin tamamilə dinc şəraitdə keçirilməsini və heç bir təxribat xarakterli çağırışlara uymamağı tövsiyə edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, R.Quliyevin qayıtmasına görə hakimiyyətin təxribatlar hazırlaması barədə ADP-çilərin iddiaları tamamilə əsassızdır. Onun fikrincə, R.Quliyevin qayıdışına əngəllər törədlilməsinə ehtiyac da yoxdur, çünki ADP sədri Azərbaycan müxalifətinin heç də ən güclü lideri deyil: "Azərbaycanda Rəsul Quliyevdən də qat-qat güclü, liderlik və idarəetmə qabiliyyətinə malik müxalifətçilər var.

Rəsul Quliyevin ölkəyə qayıdışı Azərba ycan müxalifəti üçün heç nəyi dəyişməyəcək və özlərinin bəyan etdikləri kimi demokratik prosesləri sürətləndirməyəcək. Çünki Azərbaycanda demokratiya var və onu inkişaf etdirmək 10 ildir Azərbaycandan kənarda yaşayan,buradakı hadisələri, reallıqları bilməyən bir şəxsin vəzifəsi deyil"-deyə A.Mirzəzadə bildirib.

YAP funksionerinin sözlərinə görə, ADP liderinin ölkəyə qayıdışı adi bir Azərbaycan vətəndaşının qayıtması kimi qiymətləndirilməlidir. A.Mirzəzadə hesab edir ki, müxalifətçilərin R.Quliyevin gəlişinin əngəllənməsi üçün hakimiyyət tərəfindən təxribatlar hazırlandığı barədə xəbərlər yayması onu göstərir ki, müxali qüvvələr əslində seçkiyə hazırlaşmır və ictimai diqqəti belə qalmaqallara yönəltməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti