...

AYAZ MÜTƏLLİBOV OKTYABRIN 22-DƏ SEÇİCİLƏRLƏ SELEKTOR VASİTƏSİLƏ GÖRÜŞ KEÇİRƏCƏK

Siyasət Materials 10 Oktyabr 2005 15:04 (UTC +04:00)

"Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri, eks-prezident Ayaz Mütəllibov oktyabrın 22-də Əbilov adına mədəniyyət evində seçicilərlə selektor vasitəsilə görüş keçirəcək". Bu barədə Trend ə A.Mütəllibovun seçki qərargahının rəhbəri Tofiq Əhmədov bildirib.

T.Əhmədov A.Mütəllibovun seçki təbliğatına güclü hazırlıq görüldüyünü də bildirib: "Təqvimlər, bukletlərın bir hissəsi artıq seçicilərə paylanılıb. "İndiqo" mətbəəsində ilkin olaraq 10 min ədəd çap edilən plakatı isə oktyabrın 10-da alacağıq. Yenidən 10 min ədəd də sifariş verməyi nəzərdə tutmuşuq".

A.Mütəllibovun seçki qərargahının rəhbəri onu da bildirib ki, oktyabrın 11-də saat 17.00-da işçi qrupunun, müşahidəçilərin toplantısı keçiriləcək. Toplantıda eks-prezidentin seçki təbliğatı ilə bağlı bir sıra tapşırıqlar veriləcək: "Oktyabrın 12-dən başlayaraq onun plakatlarının namizədliyi qeydə alındığı seçki dairəsi ərazisində vurulması prosesinə başlayacağıq".

Qeyd edək ki, Moskvada mühacir olan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov namizədliyi 12 saylı Yasamal üçüncü seçki dairəsindən qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti