...

BŞBPİ-NİN RƏİS MÜAVİNİNƏ QARŞI QALDIRILMIŞ İDDİAYLA BAĞLI MƏHKƏMƏYƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINIB

Siyasət Materials 12 Oktyabr 2005 14:52 (UTC +04:00)

Oktyabrın 12-də Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində müxalifət funksionerlərinin Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyevə qarşı iddia ərizəsinə dair məhkəməyə hazırlıq iclası baş tutmayıb. Trend məlumat verir ki, iclasın təxirə salınmasına səbəb iddiaçılardan ikisinin - Rauf Arifoğlunun və Arif Hacılının iclasa gəlməməsi olub.

Bu iş üzrə məhkəmə baxışı adıçəkilən məhkəmənin sədri Ələddin Cəfərovun öz icraatındadır. Müxalifət funksionerləri Arif Hacılı, Rauf Arifoğlu və Qabil Hüseynli həmin məhkəməyə ərizə verərək BŞBPİ-nin rəis müavini Yaşar Əliyevin 1 oktyabr mitinqi ilə bağlı onlara böhtan atdığını iddia edib. İddiada göstərilir ki, rəis müavini aksiya zamanı həmin müxalifət funksionerlərinin əlində qəzetə bükülmüş armatur olmasını deməklə onlara şər atıb. Bununla bağlı məhkəmədən rəis müavininin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlanması tələb olunur.

Hazırlıq iclasına yalnız Qabil Hüseynli gədiyi üçün hakim iclası oktyabrın 19-dək təxirə salmalı olub. Cavabdeh tərəfin nümayəndəsi isə məhkəməyə vəsatət təqdim edib. Nümayəndə həmin vəsatətlə mitinq zamanı xəsarət almış və DİN Hospitalında müalicə olunan polis əməkdaşlarının şahid qismində işə cəlb olunmasını tələb edir. Hakim vəsatətin hazırlıq iclasında müzakirə olunacağını bildirib.

Xəbər lenti

Xəbər lenti