...

A.ƏZİMOV: AVROPA BİRLİYİ VƏ AZƏRBAYCAN ARASINDA DANIŞILARIN BƏRPASI HƏR İKİ TƏRƏF ÜÇÜN ƏLVERİŞLİDİR

Siyasət Materials 12 Oktyabr 2005 15:54 (UTC +04:00)

"Avropa Birliyi və Azərbaycan arasında danışıqların bərpası hər iki tərəf üçün əlverişlidir". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov oktyabrın 12-də jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, Azərbaycanla AB arasında əlaqələr ilk növbədə "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş əsasında qurularaq inkişaf etdirilir. Bu sazişin əsas şərtlərinə müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət və onların tanınması, həmçinin, beynəlxalq hüquq norma və prinsipləri əsasında əlaqələrin qurulması daxildir.

Azərbaycan AB tərəfindən irəli sürülmüş "Yeni qonşuluq siyasəti" proqramına onun Azərbaycanla bağlı qəbul etdiyi qərara uyğun olaraq daxil olub. "Beləliklə, Azərbaycan bu siyasətin ayrılmaz hissəsidir. Hazırda ayrı-ayrı problemlər üzrə AB-də müxtəlif fikirlər səslənir və bunun nəticəsində danışıqlar gecikə bilər", - deyə A.Əzimov qeyd edib.

"Fikrimcə, bu, müvəqqəti siyasi çətinlikdir. Onun aradan qaldırılmasında isə Azərbaycanla yanaşı, AB də maraqlı olmalıdır. Bu siyasi anlaşılmazlıq yaxın vaxtlarda aradan qaldıracaq, çünki Azərbaycan beynəlxalq hüquq normaları əsasında AB və ona üzv olan ölkələrlə əməkdaşlıq edib və gələcəkdə da buna hazırdır. Bu məsələdə heç bir anlaşılmazlıq olmamalıdır", - deyə o bildirib. A.Əzimov AB ilə danışıqların tezliklə baş tutacağına ümidvar olduğunu bildirərək vurğulayıb ki, bu, strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bunu həm də AB-nin digər Cənubi Qafqaz ölkələri ilə əlaqələrinin inkişafı və Azərbaycanın regionda rolu tələb edir.

Azərbaycanın Şimali Kiprlə əlaqələri məsələsinə toxunan diplomati xatırladıb ki, Bakının rəsmi şəxsləri dəfələrlə bildiriblər ki, bu əlaqələr "Azərbaycanın Kipr probleminə humanitar mövqeyidir". "Bu əlaqələrin qeyri-rəsmi səviyyədə həyata keçirilməsini nəzərə almaq lazımdır. Yalnız bir aviareys təşkil olunub və bunun əsasında hər hansı bir nəticə çıxarmağa ehtiyac yoxdur", - deyə nazir müavini əlavə edib.

Sonda A.Əzimov qeyd edib ki, AB Cənubi Qafqaz ölkələrinə fərqli mövqedən yanaşa bilər. "Lakin bu addım "AB-nin regionda maraqlarına xidmət etməyəcək. Buna görə də burada Azərbaycanın yerini, rol və imkanlarını nəzərə almaq lazımdır", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti