...

ELDAR NAMAZOV: "MÜXALİFƏTİN HƏR DAİRƏDƏ BİR NEÇƏ NAMİZƏDİNİN OLMASI YAP NAMİZƏDLƏRİNİN XEYRİNƏDİR"

Siyasət Materials 12 Oktyabr 2005 20:24 (UTC +04:00)

"Müxalifətin seçkidə indiki kimi hər dairədə bir neçə namizədlə iştirak etməsi onu uğura aparmır". Bu fikirləri Trend ə açıqlamasında "Yeni Siyasət" seçki blokunun həmtəsisçisi Eldar Namazov bildirib. Onun sözlərinə görə, hər seçki dairəsində bir neçə müxalifət namizədinin mübarizə aparması, sonda əsas rəqib olan Yeni Azərbaycan Partiyasının namizədlərinin xeyrinə olacaq.

E.Namazov bildirib ki, müxalifət düşərgəsinin mümkün qədər daha çox seçki dairəsində vahid namizədi olmalıdır. Bunun üçün müxalifət partiyaları və blokları arasında qarşılıqlı güzəştlərə gedilməsi vacibdir: "Müxalifətin uğur qazanması üçün iki mühüm şərt var - seçkidə qələbə qazanmaq və sonra bu qələbəni birgə müdafiə etmək. Əgər hər dairədə müxalifət düşərgəsinə mənsub bir neçə namizəd mübarizə aparacaqsa, bu, hakimiyyətə çox böyük şans verəcək. İlk növbədə seçkidə baş verə biləcək saxtakarlıqları ört-basdır etmək və saxta nəticələrə siyasi don geyindirmək üçün arqument olacaq. Hakimiyyətin əlinə bu əsasları verməmək üçün gərək müxalifət seçki dairələrində öz vahid namizədlərini müəyyən etsin" -deyə E.Namazov bildirib.

O, YAP-ın bir neçə namizədi olan seçki dairələrində hakim partiyanın nümayəndələrindən birinin digərinin xeyrinə namizədliyini geri götürdüyünü xatırladıb. Müxalifətlə bağlı vəziyyətin isə əksinə olması müxalifətçilərin ziyanınadır. E.Namazovun sözlərinə görə, "Yeni Siyasət" blokunun "Azadlıq" blokuna təklif etdiyi geniş saziş layihəsin də bu məsələlər nəzərdə tutulur. E.Namazov qeyd edib ki, "Azadlıq" bloku bu layihə ilə razılaşsa, iki blokun arasında geniş və dayanıqlı əməkdaşlıq baş tuta bilər. Hətta bu iki blokun bəzi seçki dairələrində bir-birinin xeyrinə öz namizədlərini geri çəkməsi də nəzərdə tutulur. E.Namazovun fikrincə, hələ seçkiyə 3 həftə vaxt qaldığından blokların seçkidə vahid namizədlə iştirak etməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti