...

Azərbaycan prezidenti qraf Pyotr Şeremetyevi qəbul edib

Siyasət Materials 14 Oktyabr 2005 21:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 14-də Rus Soydaşlar Beynəlxalq Şurası idarə heyətinin sədri, "Yüzilliyin mesenatı" Beynəlxalq Xeyriyyə Fondu rəyasət heyətinin üzvü qraf Pyotr Şeremetyevi qəbul edib. Trend bildirir ki, söhbət əsnasında qraf Şeremetyev Azərbaycan prezidentini Parisə dəvət edən Fransa Senatının prezidenti cənab Ponsölenin salamını Azərbaycan dövlətinin başçısına çatdırıb. Şeremetyev həmçinin Bakıda pravoslav kafedral kilsəsinin bərpa edilməsi ilə bağlı məmnunluğunu bildirib.

"Dünya ictimaiyyəti Azərbaycan həqiqətləri ilə kifayət qədər tanış deyil. Bununla bağlı olaraq hərtərəfli təşviqat işlərinin aparılması zəruridir"-deyə İ. Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bugünkü gündə Azərbaycanda bir çox millətlərin nümayəndələri mehriban yaşayır və bu, respublikada hökm sürən dini və etnik tolerantlığın nümunəsidir. Azərbaycan prezidenti respublikanın İsmayıllı rayonunun İvanovka kəndinin sakinlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğını nümunə göstərib.

Eyni zamanda prezident İlham Əliyev Fransa Senatının rəhbəri ilə iki dəfə görüşdüyünü xatırladaraq cənab K.Ponsöle ilə tezliklə görüşəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti