...

Nazim Ibrahimov: Gürcüstandaki soydaşlarimizin problemləri ilə bağli nazirliklər və dövlət komitələrindən ibarət işçi qrupu yaradilacaq

Siyasət Materials 15 Oktyabr 2005 13:38 (UTC +04:00)

Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə dair növbəti dəfə hesabat hazırlanaraq Azərbaycanın Nazirlər Kabinetinə təqdim olunub. Bu məlumatı Trend ə müsahibəsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov verib.

Qeyd edək ki, bu yaxınlarda Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycandan Gürcüstana nümayəndə heyəti getmiş, orada soydaşlarımızla görüşlər keçirib problemləri ilə maraqlanmışdır.

Nazim İbrahimovun sözlərinə görə, Dövlət Komitəsi bu görüşlərin nəticəsini hesabat şəklində hazırlayıb müvafiq dövlət orqanlarına, o cümlədən Nazirlər Kabinetinə təqdim edib: "Bizim Gürcüstanda yerli azərbaycanlılarla görüşlərimiz, söhbətlərimiz oldu. Onların problemlərini dinlədik, bizi maraqlandıran məsələləri soruşduq. Ümumi bir nəticəyə gələrək Nazirlər Kabinetinə yekun hesabat təqdim etmişik. Azərbaycan Respublikasının bütün nazirlikləri və dövlət komitələri də Gürcüstan azərbaycanlılarının problemlərinin həlli ilə bağlı öz təkliflərini verir"-deyə N.İbrahimov bildirib.

O bildirib ki, Azərbaycan hökuməti və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Gürcüstanın dövlət orqanlarına hansı istiqamətlərdə yardım edə biləcəyini araşdırıb öz köməkliyini göstərəcək.

N.İbrahimov Nazirlər Kabinetinin qərarı ilə bütün nazirliklərin və dövlət komitələrinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılacağını da açıqlayıb. Komitə sədrinin sözlərinə görə, həmin işçi qrupu Gürcüstandakı soydaşlarımızın ümumi problemlərinin nədən ibarət olmasına dair, bu problemlərin hər birinin adba-ad göstərildiyi, həmçinin işçi qrupunun fəaliyyət istiqamətləri barədə bir sənəd hazırlayacaq.

Bu işçi qrupuna Gürcüstanın dövlət orqanlarının da cəlb olunub-olunmayacağına gəldikdə, N.İbrahimov deyib ki, hələlik bu, Azərbaycan tərəfinin işçi qrupudur: "Amma Gürcüstan hökumətinə təklif olunacaq ki, onlar özləri belə bir qrup yaratsınlar və sonra razılıq verərlərsə, hər iki dövlətin işçi qrupları birgə fəaliyyət göstərsin"-deyə N.İbrahimov qeyd edib.

Onun sözlərinə görə, Dövlət Komitəsi soydaşlarımızın problemlərin nədən ibarət olduğuna dair arayışını bundan əvvəl də Gürcüstanın dövlət orqanlarına təqdim etmişdi. İndi də yeni bir arayış təqdim olunacaq: "İstərdik ki, Gürcüstan tərəfi tezliklə bu problemlərin həllinə nail olsun. Biz də Azərbaycan Respublikası tərəfindən lazım olan yardımları təşkil edəcəyik".

Xəbər lenti

Xəbər lenti