...

Rəsul Quliyevi gətirən təyyarə artiq Bakiya uçur

Siyasət Materials 17 Oktyabr 2005 13:04 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyev ölkəyə gəlmək üçün oktyabrın 17-də Bakı vaxtilə saat 12- yə qalmış Londonda təyyarə minib". Bu barədə Trend ə ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu R.Quliyevə istinadən məlumat verib. R.Quliyevin artıq Bakıya yola düşdüyünü deyən S.Cəlaloğlu bildirib ki, ADP sədri London hava limanında təyyarəyə minməzdən əvvəl onunla telefonla danışıb. Təxminən 16.00 radələrində R.Quliyevi gətirən təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanında yerə enəcək.

ADP-çilər oktyabrın 17-də səhər saat 9.00-dan hava limanına doğru getməyə başlayıblar. S.Cəlaloğlunun sözlərinə görə, R.Quliyevi qarşılamaq üçün hava limanına gedən insanlara təxminən saat 12.00-da hava limanına doğru hərəkət etmək göstərişi veriləcək: "Rəsul Quliyevi heç kəs həbs edə bilməz, çünki onun deputat toxunulmazlığı var və onu tutmaq üçün hakimiyyətin əlində heç bir fakt yoxdur. Cinayət Prosessual Məcəlləsinin, Seçki Məcəlləsinin tələbləri və beynəlxalq konvensiyaların yerli qanunlardan üstünlüyünü özündə təsbit edən Konstitusiyanın 149-cu maddəsi Rəsul Quliyevin həbsinin qanunsuzluğunu sübut edir",-deyə S.Cəlaloğlu vurğulayıb.

AZAL Dövlət Konserninin tərkibinə daxil olan Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, oktyabrın 17-də London-Bakı aviamarşrutu ilə H.Əliyev adına hava limanına heç bir çarter reysi nəzərdə tutulmayıb.

"Hazırda biz belə reyslər haqqında heç bir məlumat almamışıq. Bu marşrut üzrə təyyarənin Londondan saat 21:00-da uçmasını nəzərdə tutan müntəzəm reysimiz var və təyyarə sabah səhər Bakıya çatacaq" , - deyə mətbuat xidmətindən bildirilib.

Çarter reysi ilə bağlı fakt British Mediterranean Airways şirkətinin Bakı nümayəndəliyində də təsdiq olunmayıb. Şirkətdən bildirilib ki, bu gün London-Bakı marşrutu ilə heç bir çarter reysi nəzərdə tutulmayıb. British Mediterranean Airways şirkətinin reysi isə London vaxtı ilə saat 14:00-dır və təyyarə Bakıya saat 23:30-da çatacaq.

Azal DK-nın sədrinin birinci müavini Sabir İlyasovun Trend ə verdiyi məlumata görə, bu gün DK çarter reysləri ilə heç bir daşımalar həyata keçirmir. "Rəsul Quliyevin Azərbaycana gözlənilən gəlişi ilə bağlı aviadaşımalarda heç bir çətinliyimiz yoxdur. Biz heç bir tədbir görmürük və hava limanında uçuşlar sərbəst rejimdə həyata keçirilir. Hüquq-mühafizə orqanları lazımi yoxlamalar apara və müvafiq tədbirlər görə bilər. AZAL-ın buna heç bir qarışacağı yoxdur", - deyə S.İlyasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti