...

Siyasi partiyalar Rəsul Quliyevin azadlığa buraxılması barədə münasibətlərini bildiriblər

Siyasət Materials 20 Oktyabr 2005 16:18 (UTC +04:00)

"Bütün siyasi mühacirlərin Azərbaycana qayıtmasına şərait yaradılmalıdır. Əgər Rəsul Quliyevin günahı varsa, bu, məhkəmə yolu ilə sübuta yetirilməlidir. Amma siyasi düşüncələrinə görə, onun vətənə buraxılmaması düzgün deyil". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. O, deyib ki, Rəsul Quliyev təyyarə ilə Bakıya gələrkən ölkəyə buraxıla bilərdi. Bu yolla da o, günahkar olub-olmadığını sübuta yetirə və bütün həqiqətlər də üzə çıxa bilərdi. "İndi Rəsul Quliyevin ölkəyə gəlməsinə şərait yaradılmalıdır. Qoy o, gəlib barəsindəki ittihamlara burada cavab versin. Bundan sonra da bütün məsələlər aydınlaşsın"-deyə S.Rüstəmxanlı vurğulayıb.

"Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov bildirib ki, R.Quliyevin ölkəyə qayıdıb seçkilərdə iştirak etməsinin tərəfdarıdır: "Bizim blok əvvəldən də bəyan etdi ki, bütün siyasi mühacirlərin ölkəyə qayıtmasının, onların hüquqlarının təmin olunmasının tərəfdarıdır. Bu mövqeyimiz dəyişməz olaraq qalır. Mən Rəsul Quliyevin həbsdə çox qalmayacağına əmin idim. Biz onun gəlib seçkidə sərbəst iştirak etməsinin tərəfdarıyıq"-deyə E.Namazov qeyd edib.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət Asim Mollazadə isə bildirib ki, R.Quliyevlə bağlı məsələnin hüquqi müstəvidə, şəffaflılığın təmin olunması şərti ilə qanunlar çərçivəsində həll edilməsinin tərəfdarıdır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri isə fərqli fikirdədirlər. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Rəsul Quliyevin sərbəst buraxılması onun Azərbaycan dövlətinin malını talaması faktlarını ört-basdır etmir: "Rəsul Quliyevin bəlkə də rəsmi şəkildə siyasi mühacir statusu var, amma bu, onu yol verdiyi qanunsuzluqlara, cinayətlərə görə məsuliyyətdən azad etmir. Azərbaycan hökuməti "İnterpol" vasitəsi ilə axtarışda olan R.Quliyevin törətdiyi cinayət əməlləri ilə bağlı faktları bütün ölkələrə təqdim etmişdi. Ukraynada rayon məhkəməsi siyasi mühacir statusu haqqnıda müvafiq beynəlxalq konvensiyaları əsas götürərək Rəsul Quliyevi azadlığa buraxa bilər, lakin o, öz əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verməlidir. Çünki onun buraxılması əməllərinə bəraət qazandırmır"-deyə Aydın Mirzəzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti