...

MSK seçkidə iştirak edən namizədlərə xəbərdarlıq bəyanatı ünvanlayıb

Siyasət Materials 20 Oktyabr 2005 19:57 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkisində iştirak edən bütün namizədlərə, həmçinin kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb. MSK-dan Trend ə verilən məlumata görə, bəyanatda namizədlərin seçkiqabağı təşviqat qaydalarının pozudlmasına münasibət və xəbərdarlıq əks olunub.

MSK bəyan edib ki, mövcud qanunvericiliklə qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloklarının nümayəndələri tərəfindən televiziya və radio kanallarında, keçirilən digər tədbirlərdə seçkiqabağı təşviqatla əlaqədar çıxışlarda qanunun tələblərinə zidd şəkildə hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlara, vətəndaşların şərəf və ləyaqətini təhqir edən, sosial nifrət yaradan, etik normalarla bir araya sığmayan, böhtan xarakterli fikir və mülahizələrin yayılmasına yol verilmir: "Lakin təəssüf ki, seçkiqabağı təşviqat aparan subyektlər televiziya kanallarından istifadə edərkən bir sıra hallarda qanunun bu tələbinə tam əməl etmirlər. Bu da həmin qurumların göstərilən arzuolunmaz nəticələrin baş verməsində vasitəyə çevrilməsinə şərait yaradır. MSK tərəfindən bu cür hərəkətlərin yolverilməzliyi ilə bağlı geniş hüquqi maarifləndirmə işinin aparılmasına baxmayaraq, göstərilən qanun pozuntuları yenə də müşahidə edilməkdədir"-deyə müraciətdə bildirlir.

MSK seçkilərdə iştirak etmək üçün qeydə alınmış bütün namizədlərə və onların səlahiyyətli nümayəndələrinə, vəkil edilmiş şəxslərinə, eləcə də ölkəmizdə fəaliyyət göstərən televiziya və radio şirkətlərinə və digər kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, bu şəxslərin və KİV-lərin fəaliyyəti qanunun tələblərinə cavab verməlidir. Onların seçkiqabağı proqramlarında, seçicilərlə görüşlərə həsr olunmuş yığıncaqlarında və çıxışlarında, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında qanuna zidd çağırış və fikirlərə, digər namizədlərin və vətəndaşların şərəf və ləyaqətini alçaldan mülahizələrə yol verilməməlidir.

MSK namizədlərdən Seçki Məcəlləsinin tələblərinə ciddi əməl etmələrini tələb edib. Qanunvericiliyin bu münasibətləri tənzimləyən müddəalarına əməl olunmamasının Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət doğurduğunu xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti