...

Azərbaycan və Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlığı genişləndiriləcək

Siyasət Materials 21 Oktyabr 2005 17:41 (UTC +04:00)

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru, ordu generalı Serqey Lebedevin rəhbərlik etdiyi nümaynədə heyəti Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində (MTN) nazir, general-leytenant Eldar Mahmudovla görüş keçirib. Bu barədə Trend ə MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edək ki, Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun dəvəti ilə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru, ordu generalı Serqey Lebedevin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 19-dan 21-dək Bakıda rəsmi səfərdə olub. Oktyabrın 20-də nümayəndə heyəti ilk öncə Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət ediblər. Burada qonaqlar Milli təhlükəsizlik naziri Eldar Mahmudov və Nazirliyin bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək onun məzarı önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarı önünə də gül-çiçək düzüblər. Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, ərazi tübövlyü
uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Həmin gün nazir, general-leytenant Eldar Mahmudov S.Lebedevi və nümayəndə heyətini nazirlikdə qəbul edib. Görüşdə nazir prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə demokratik və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar, habelə mühüm beynəlxalq layihələrin həyata keçirilməsi və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən işlər barədə danışıb. Nazir ölkəmizdə təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla, onun təhlükəli formaları və təzahürləri, o cümlədən terrorçuluqla mübarizə sahəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin nəticələri barədə qonaqlara məlumat verib.

Eldar Mahmudov eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin doğurduğu fəsadlar, habelə qanunsuz miqrasiya, narkotrafik və digər məsələlərlə bağlı həyata keçirilən adekvat tədbirlər haqqında da danışıb. Dövlətimizin təhlükəsizliyinin etibarlı təmini məqsədilə xarici təhdidlər barədə qabaqlayıcı informasiyaların əldə edilməsi və onların mübadiləsinin vacibliyini qeyd edib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru, ordu generalı Serqey Lebedev Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını, bu səfərin hər iki dövlətin xüsusi xidmət orqanlarının əlaqələrinin daha da möhkəmləndirilməsi üçün faydalı olacağına əminliyini ifadə edib. Ölkəmizin müvafiq orqanları arasındakı əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsini yüksək qiymətləndirən Serqey Lebedev Rusiya və Azərbaycanın regional təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığın daha məqsədyönlü və ardıcıl surətdə həyata keçirilməsi istiqamətlərinin müəyyənləşdirilməsin, qarşılıqlı informasiya mübadiləsinin effektivliyinin artırılması məqsədilə ekspertlər səviyyəsində görüşlərin intensivləşdirilməsinin zəruri olduğun qeyd edib. Görüşdə iki ölkənin xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti