...

Fazil Məmmədov: İqtisadiyyatın sabit inkişafı 2006-cı ildə vergi yığımları üzrə proqnozu artıqlaması ilə yerinə yetirmək üçün əminlik yaradır

Siyasət Materials 21 Oktyabr 2005 18:43 (UTC +04:00)
Fazil Məmmədov: İqtisadiyyatın sabit inkişafı 2006-cı ildə vergi yığımları üzrə proqnozu artıqlaması ilə yerinə yetirmək üçün əminlik yaradır

Azərbaycanın vergilər nazirinin Trend ə eksklüziv müsahibəsi

- Cari ildə Vergilər Nazirliyi proqnoz planlarını artıqlaması ilə yerinə yetirir. Nazirliyin 8 ay ərzində gördüyü işlərin yekunlarını necə xarakterizə edərdiniz və vergi ödəmələrinin belə uğurlu göstəricisi nə ilə müəyyən olunur?

Son zamanlar aparılan uğurlu vergi siyasəti, vergi bazasının genişləndirilməsi sayəsində əldə olunmuş iqtisadi sabitlik nəticəsində Vergilər Nazirliyi cari ilin 8 ayı ərzində proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinə nail olub. Belə ki, 2005-ci ilin yanvar-avqust aylarında büdcəyə 4347,3 milyard manat proqnoza qarşı 4364, 0 milyard manat və ya 100,4% vəsait daxil olub. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 1252,3 milyard manat və ya 40,2% çoxdur.

Qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyevin yürütdüyü və möhtərəm prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi iqtisadi strategiyanın tərkib hissəsi olan büdcə-vergi siyasətinin başlıca istiqamətlərindən biri ölkədə qeyri-neft sektorunun inkişafı, sahibkarlıq subyektlərinin fəaliyyətinin artması nəticəsində dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasına nail olunub. Bu istiqamətdə Vergilər Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2005-ci ilin 8 ayı ərzində qeyri-neft sektoru üzrə daxilolmalar 2835,0 milyard manat (ümumi daxilolmaların 65%) təşkil etmişdir.

- 2006-cı ildə büdcəyə ayrılmalar 11,2 trln manat həcmində proqnozlaşdırılır ki, bu da 2005-ci il göstəricisindən 4,098 trln manat çoxdur. Bundan başqa, əgər cari ildə vergilərin hesabına büdcə gəlirlərinin 69,5%-ni təmin etmək planlaşdırılırsa, gələn il bu göstərici 72,2% təşkil etməlidir. Sizcə, bu proqnoz özünü doğrulda biləcəkmi və Nazirlik hansı ehtiyatların hesabına bunu həyata keçirəcək?

Ölkəmizdə mövcüd olan stabil iqtisadi inkişaf, dünya bazarında neftin qiymətinin stabil artımı, ÜDM artımı, özəl sektorun inkişafı, xarici investisiyaların həcminin artması vergi ödəyicilərinin sayının çoxalmasına, yeni iş yerlərinin yaradılmasına və maaşların artırılmasına gətirib çıxaracaq, bu da 2006-cı ildə vergi daxilolmalarının artması ilə nəticələnəcək. Bundan başqa, 2005-ci ilin 8 ayı ərzində qeyri-neft sektoru üzrə büdcəyə 2520,3 milyard manat proqnoza qarşı 2835,0 milyard manat və ya 112,5% vəsait daxil olmuşdur. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 868,5 milyard manat və ya 44,2% çoxdur.

Göründüyü kimi iqtisadiyyatın, xüsusilə neft və qeyri-neft sektorlarının stabil inkişafı 2006-cı ilin büdcə proqnoz tapşırıqlarının da artıqlaması ilə yerinə yetiriləcəyinə əminlik yaradır.

- 2006-cı ildə bəzi vergi növləri dərəcələrinin dəyişdirilməsi planlaşdırılırmı? Bu dəyişikliklər nədən ibarət olacaq və onlar nə ilə əsaslandırılıb?

- Azərbaycan Respublikasında müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsinin 105.1-ci maddəsinə təklif olunan dəyişikliklər layihəsində mənfəət vergisinin dərəcəsinin 24 faizdən 22 faizə endirilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə layihədə digər vergilər üzrə vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulmayıb.

- Hazırda Beynəlxalq Valyuta Fondu Vergilər Nazirliyinə hansı tövsiyyələri verir və Nazirlik onlardan hansını qəbul edərək 2006-cı ildə tətbiq etməyi planlaşdırır? Sizin fikrinizcə, bu yeniliklərin üstünlyü və ya çatışmamazlığı nədən ibarət olacaq?

- 2004-cü ilin dekabr ayında BVF-nin missiyası ƏDV sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Vergilər Nazirliyinin əməkdaşları ilə birgə işləyib və öz tövsiyələrini verib. Bu tövsiyələrin əksər hissəsi "Vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində 2005-2007-ci illər üzrə Dövlət Proqramı"nda öz əksini tapıb. Nazirlik bu sahədə 2006-ci ildə müəyyən tədbirlər planlaşdırır.

- Son aylar Vergilər Nazirliyi ƏDV üzrə yığım proqnozlarını sabit qaydada həyata keçirir. Əvvəllər isə vergilərin yığılmasında kəsirlər mövcud idi. Nazirlik bu problemi həll etməyə necə nail olub?

Məlum olduğu kimi, dövlət büdcəsi gəlirlərinin formalaşmasında ƏDV-nin özünəməxsus rolu vardır. Bu sahə üzrə aparılan intensiv nəzarət tədbirləri nəticəsində məlum olub ki, digər vergi növlərilə müqayisədə vergidən yayınma halları ən çox ƏDV üzrə baş verir. ƏDV-dən yayınma halları ilə mübarizə aparmaq məqsədilə müxtəlif dövrlərdə vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi nəzarətinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Bu tədbirlər Vergi Məcəlləsinə dəyişikliklərin edilməsindən (ƏDV üzrə əvəzləşmənin nağdsız qaydada həyata keçirilməsi), vergi təbliğatından, vergi inzibatçılığının təkmilləşdirilməsindən, nəzarət mexanizminin gücləndirilməsindən ibarətdir. Görülmüş bu tədbirlər nəticəsində ƏDV üzrə proqnoz tapşırıqlarının yerinə yetirilməsinə nail olunmuşdur.

- Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Vergilər Nazirliyinə Çexiya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş bağlamaq səlahiyyəti verib. Saziş nə zaman imzalanacaq və Azərbaycan daha hansı ölkələrlə belə saziş imzalamağı planlaşdırır?

- Azərbaycanla Çexiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş mənim Praqaya ilin sonuna nəzərdə tutulmuş rəsmi səfərim zamanı imzalana bilər.

Səfər zamanı, həmçinin, Azərbaycan və Çexiya vergi orqanları arasında qarşılıqlı əlaqələrin inkişafı və əməkdaşlığın daha da genişləndirilməsi iləbağlı məsələlər müzakirə ediləcək.

Hazırda tərəflər arasında səfərin tarixi və proqramı razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti