...

Mübariz Qurbanlı: "Hakimiyyət böhran keçirmir"

Siyasət Materials 25 Oktyabr 2005 11:12 (UTC +04:00)

"Müxalifətin dövlət çevrilişinə cəhd planlarının üstü açıldığına görə o, müxtəlif ittihamlarla çıxış etmək məcburiyyətində qalıb". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Qeyd edək ki, "Azadlıq" seçki blokunun təsisçilərindən olan Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının sədri Əli Kərimli Fərhad Əliyevlə Əli İnsanovun nazir vəzifələrindən kənarlaşdırılmasıyla Azərbaycanda hər hansı bir dövlət çevrilişinə cəhd olduğu fikrini qəbul etmədiklərini, onların müxalifətlə heç bir əlaqəsi olmadığını bildirib, bunu hakimiyyətdə yaranmış böhranın nəticəsi sayıb.

M.Qurbanlı isə qeyd edib ki, artıq radikal müxalifətin hakimiyyətdə olan maliyyə mənbələrinin üstü açılması ilə onların dövlət çevrilişinə cəhd planları alt-üst olub: "İstintaqın ilkin nəticələri onu göstərir ki, vəzifələrindən uzaqlaşdırılmış nazirlər radikal müxalifətə maddi yardım göstəriblər. Bu faktı radikal müxalifət heç vaxt dana bilməz".

Millət vəkili onu da bildirib ki, hakimiyyət heç bir böhran dövrünü yaşamır. Nazirlərin istefaya göndərilməsi və bununla da onların qaranlıq fəaliyyətlərinə işıq salınması prosesi hər bir dövlətdə olub: "Bu, müxalifətin seçki öncəsi seçicilərdən dividend qazanmaq üçün ortaya atdığı məntiqsiz arqumentdir".

Xəbər lenti

Xəbər lenti