...

İqbal Babayev: "Seçki günü məlumatların MSK-ya çatdırılması gecikdirilərsə, həmin məlumata şübhə ilə yanaşacağıq"

Siyasət Materials 25 Oktyabr 2005 14:34 (UTC +04:00)

Noyabrın 6-da keçiriləcək parlament seçkisi günü seçkinin gedişi ilə bağlı bütün məlumatların Mərkəzi Seçki Komissiyasına (MSK) ötürülməsinin reqlamenti müəyyən olunub. Trend in məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrinə MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev açıqlama verib. O bildirib ki, seçki günü dairə seçki komissiyaları (DSK) tərəfindən məlumatlar gün ərzində beş dəfə MSK-nın informasiya mərkəzinə çatdırılacaq. 5 dəfə nəzərdə tutulan hesabat saatlarında səsvermənin gedişi, seçicilərin fəallığı ilə bağlı məlumatlar çatdırılacaq. Həmçinin, hər dairə üzrə hansı namizədin qalib gəldiyi müəyyən olunan kimi MSK-nın informasiya mərkəzi dərhal bu barədə açıqlama verəcək: "Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfəki seçkidə nəticələr daha tez elan ediləcək. Hər bir seçki dairəsinin nəticələrinə dair kütləvi informasiya vasitələrinə məlumat veriləcək", - deyə İ.Babayev bildirib.

O əlavə edib ki, DSK-lar seçki məntəqələrindən aldıqları məlumatları 24 saat ərzində MSK-ya ötürməlidir. İ.Babayev bildirib ki, məlumatların çatdırılmasında gecikdirmə hallarına yol verilməməlidir, çünki informasiyaların vaxtında çatdırılması üçün DSK-lar bütün imkanlarla, kompüter avadanlıqları ilə təmin edilib. Kompüterlərin tam işlək vəziyyətdə olması yoxlanılıb və onların problemsizliyinə tam təminat var. İ.Babayevin sözlərinə görə, bu səbəbdən də məlumatların MSK-ya ötürülməsi prosesində reqlament pozularsa, göstərilən səbəblər qəbul edilməyəcək və həmin nəticələrə şübhə ilə yanaşılacaq.

DSK-ların məlumatları xüsusi qovluqda işə əlavə edilərək Bakıya göndərilməli və bu sənədlərin əsli mütləq həmin dairələrdə olmalıdır. Əks halda, həmin dairənin fəaliyyətində cinayət tərkibi olacaq.

Xəbər lenti

Xəbər lenti