...

Musa Hümbətov: "Cəzaçəkmə müəssisələrində namizədlərə səsvermə ilə bağlı problem olmayacaq"

Siyasət Materials 25 Oktyabr 2005 15:56 (UTC +04:00)

"Noyabrın 6-da deputatlığa namizədlərə səsvermə ilə bağlı cəzaçəkmə müəssisələrində heç bir problem olmayacaq". Bunu Trend lə söhbətində Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) qərargah rəisi Musa Humbətov bildirib.

Cəzaçəkmə müəssisələrində seçkilərə hazırlıq işləri tam şəkildə həyata keçirilib. Namizədlərin təbliğat-təşviqat işləri, dustaq-seçicilərlə görüşləri yüksək səviyyədə təşkil olunur. Musa Humbətovun bildirdiyinə görə, seçkilərdə yalnız cəzaçəkmə və müalicə müəssisələrində olan dustaqlar iştirak edəcəklər. "İstintaq təcridxanalarında və islah müəssisələrində isə səsvermə keçirilməyəcək", - M.Hümbətov bildirib.

Qərargah rəisinin sözlərinə görə, artıq Mərkəzi Seçki Komissiyasının (MSK) təqdim etdiyi müşahidəçi vəsiqələrinin nümunələri də cəzaçəkmə müəssisələri arasında paylanıb. "Səsvermə zamanı kənardan dustaqlara hər hansı təsirin göstəriləcəyindən söhbət gedə bilməz. Çünki səsvermə prosesi cəzaçəkmə müəssisələrində yaradılacaq seçki komissiyasının üzvlərinin və müşahidəçilərin iştirakı ilə həyata keçiriləcək. Seçki komissiyasının tərkibində isə həm iqtidarın, həm də müxalifətin nümayəndələri olacaq", - deyə M.Hümbətov söyləyib.

Musa Hümbətov onu da qeyd edib ki, cəzaçəkmə müəssisələrində səsvermənin gedişatını izləmək istəyən jurnalistlər MQİBİ-yə rəsmi şəkildə müraciət etməlidirlər.

Xəbər lenti

Xəbər lenti