...

Asim Mollazadə: "Bir sıra nazirliklərin məmurları siyasi hakimiyyəti ələ keçirmək niyyətindədirlər"

Siyasət Materials 25 Oktyabr 2005 16:34 (UTC +04:00)

"İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin məmurları siyasi hakimiyyəti ələ keçirmək niyyəti ilə seçki prosesinə müdaxilə edirlər". Trend xəbər verir ki, bu barədə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə oktyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.

Partiya sədri onu da bildirib ki, sentyabr ayının ortalarında seçki dairələrində apardıqları müşahidələr nəticəsində namizədlərin əksəriyyətinin bir sıra nazirliklərin məmurları tərəfindən dəstəkləndiyi üzə çıxıb: "Həmin nazirliklər böyük maliyyə vəsaiti ilə seçki prosesinə daxil olublar. Təhlil apardıqda aydın olub ki, Təhsil, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin nümayəndələri siyasətçiyə çevriliblər".

A.Mollazadə qeyd edib ki, Azərbaycan iqtisadiyyatını, sosial həyatına ayrılan vəsaitləri mənimsəyib monopoliyalara çevrilən bu məmrular ali qanunvericilik orqanını ələ keçirməyi düşünürlər: "Bu ölkəmiz üçün təhlükəlidir. Biz düşünürük ki, adıçəkilən nazirlik kimi digər dövlət qurumlarında da islahatlar keçirilməlidir. Azərbaycanın inkişafının qarşısını alan təbəqə ölkəni qarşıdurmaya sürükləyir".

Partiya sədri onu da əlavə edib ki, yalnız kadr dəyişikliyi ilə problemləri həll etmək olmaz. Təhsil, səhiyyə, iqtisadi idarəetmə sistemində, vergi qanunvericiliyində və gömrük siyasətində təxirə salınmaz islahatlara ehtiyac var.

Xəbər lenti

Xəbər lenti