...

MSK katibi: "Seçki bloklarının dairələrdə vahid namizəd saxlaması artıq mümkün deyil"

Siyasət Materials 29 Oktyabr 2005 14:50 (UTC +04:00)

"Siyasi partiya və seçki bloklarının seçkidə vahid namizədlə iştirak etməsi, bir-birinin xeyrinə namizədini geri çağırması artıq mümkün deyil. Geri çağırılan namizədin adı seçki bülletenində saxlanıcaq və ona səs veriləcək". Bu məlumatı Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov verib.

Qeyd edək ki, "Azadlıq" və "Yeni Siyasət" seçki blokları mümkün olan dairələrdə vahid namizəd saxlamaq, bir-birilərinin xeyrinə namizədlərini geri çağırmaq qərarına gəliblər. Lakin namizədlərin könüllü şəkildə öz namizədliklərini geri götürmə müddəti başa çatıb. Amma buna baxmayaraq, bu seçki bloklarının liderləri bildiriblər ki, onlar vahid namizəd məsələsində razılığa gəlib bu şəxsləri müəyyən edərlərsə, bu barədə bəyanat verəcəklər, seçki bülletenində də namizədliyi geri götürülən şəxsin adının üstündən xətt çəkiləcək.

MSK katibi N. Məmmədov isə bu məsələlərə aydınlıq gətirərkən deyib ki, blokların bildirdiyi prosedura mümkün deyil. Çünki qanunla namizədliyin geri götürülməsi prosesi seçkiyə 10 gün qalmış artıq başa çatır. Bundan sonra seçki gününə qədər yalnız məhkəmə qərarı ilə namizədlik ləğv oluna bilər. N.Məmmədovun sözlərinə görə, artıq

seçkidə iştirak etmək istəməyən namizədlərin adları bülletendə saxlanılacaq və onların istəyindən asılı olmayaraq, seçicilər onlara səs verəcəklər: "Bülletendə yalnız seçkiyə 10 gün qalmış müddətədək namizədliyini geri götürən və məhkəmələr tərəfindən namizədliyi ləğv olunan şəxslərin adlarının üstündən xətt çəkiləcək. Qalan hallarda dairə seçki komissiyalarının heç bir namizədin adını bülletendən çıxarmaq hüququ yoxdur. Buna görə də artıq bundan sonra kiminsə xeyrinə seçkidən geri çəkilən namizədin seçiciləri əgər bu barədə xəbərsizdirlərsə, ona səs verəcəklər və hətta həmin şəxs deputat seçilə də bilər"-deyə N.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti