...

Danimarkadan gətirilmiş mürəkkəb və ultrabənövşəyi lampalar iki gün ərzində məntəqələrə paylanacaq

Siyasət Materials 31 Oktyabr 2005 18:58 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkisi günü seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi üçün oktyabrın 31-də Danimarkadan gətirilmiş mürəkkəb balonları və ultrabənövşəyi lampalar iki gün ərzində seçki məntəqələrinə paylanılacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Mürəkkəb və xüsusi cihazlar verilməyən seçki məntəqələri noyabrın 1-i və 2-də Danimarkadan gətirilmiş mürəkkəb və lampalarla təmin olunacaqlar. Bundan əvvəl Gürcüstandan gətirilmiş mürəkkəb balonları isə artıq məntəqələrə paylanılıb.

Qeyd edək ki, parlament seçkisində bu yeni üsulun tətbiq edilməsi ilə bağlı Gürcüstanın Mərkəzi Seçki Komissiyası Azərbaycana 3000 balon şəffaf mürəkkəb və bir o qədər sayda mürəkkəbi oxumaq üçün müvafiq cihazlar verib. Danimarkadan isə 8 min balon şəffaf mürəkkəb, 2500 ədəd ultrabənövşəyi lampa gətirilib.

Barmaqların mürəkkəblənməsi üsulunun Azərbaycanda ilk dəfə tətbiq olunduğu nəzərə alaraq Mərkəzi Seçki Komissiyası (MSK) 3 gün ərzində məntəqə seçki komissiyalarının üzvləri üçün xüsusi treninqlər keçirəcək.

Maarifləndirici treninqlər noyabrın 2-si, 3-ü və 4-də təşkil olunacaq və ölkə üzrə bütün məntəqələri əhatə edəcək. Treninqləri keçmək üçün MSK üzvləri bütün yerlərdəki məntəqələrə ezam olunacaqlar. Maarifləndirici tədbirlərdə yalnız seçki məntəqələrinin mürəkkəbdən və ultrabənövşəyi şüadan istifadə edən üzvləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti