...

Əli Həsənov: "ATƏT və Venesiya Komissiyasının son hesabındakı tənqidlər aktuallığını itirib"

Siyasət Materials 1 Noyabr 2005 15:53 (UTC +04:00)

Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yaydığı son hesabat bir neçə gün gec hazırlansaydı, onun məzmunu indiki kimi olmazdı. Çünki bu hesabatda yer almış Azərbaycanda seçkilərlə bağlı tənqidi məqamlar prezidentin oktyabrın 25-də imzaladığı smərəncamdan əvvəlki dövrə aiddir və artıq aktuallığını itirib". Bu fikirləri Trend ə Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

O, Ienesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun son hesabatına münasibət bildirərkən deyib ki, sənəd oktyabrın 21-nə qədərki vəziyyəti əks etdirir. Belə ki, hesabat prezident İlham Əliyev oktyabrın 25-də imzaladığı "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncamına qədər hazırlanıb. Ona görə də hesabatda bir çox tənqidi məqamlar əks olunub.

Əli Həsənov bildirib ki, bu beynəlxalq təşkilatlar indiyə qədər təkidlə seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsini, həmçinin, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının seçkinin müşahidəsinə buraxılmasını təklif edirdilər. Ə.Həsənov bu ciddi tövsiyələrin prezident İlham Əliyevin son sərəncamında öz əksini tapdığını və artıq həyata keçiriləcəyi deyib: "Avropa Şurasının baş katibi Terri Devis də sonuncu dəfə Bakıda olarkən və ondan sonra da məhz bu iki məqamın vacibliyini vurğulamışdı. Ancaq prezidentin Sərəncamında bu iki məqamla yanaşı, bir çox başqa vacib məsələlər də öz əksini tapıb və bütün bunlar birlikdə Azərbaycanda seçki prosesinin həm qanunvericilik, həm də texniki prosedurlar baxımından xeyli liberallaşmasına səbəb olub"-deyə Ə.Həsənov bildirib.

Prezident Aparatı rəsmisi onu da vurğulayıb ki, hesabata daxil edilən bəzi məqamlar şübhə doğurur. Ə.Həsənov konkret olaraq hesabatda "namizədlərin qeydiyyata alınmasından imtina olunur" fikrinin yer almasına etirazını bildirib. Onun sözlərinə görə, bu seçkidə namizədliyinin qeydə alınması üçün müraciət etmiş heç bir şəxs seçkidən kənarda qalmayıb. Çünki namizədliyinin qeydə alınmaması ilə bağlı nə MSK-ya, nə də ki, prezidentin İcra Aparatına heç kəs şikayət etməyib. Hətta haqqında cinayət işi başlanan, amma məhkəmənin qərarı olmadığı üçün Ayaz Mütəllibov və Rəsul Quliyevin də namizədlikləri qeydə alınıb. Ə.Həsənovun fikrincə, 2063 nəfərin namizədliyinin qeydə alınması indiyə qədər Azərbaycanda görünməmiş bir hadisədir.

Ə.Həsənov seçkiqabağı kütləvi tədbirlər üçün yerin ayrılmaması ilə bağlı tənqidlərlə də razılamır. Onun sözlərinə görə, hökumət, həm paytaxtda, həm də bütün bölgələrdə seçicilərlə görüş üçün qapalı və açıq yerlər ayırıb və namizədlər də burada görüşlər keçirirlər. Seçkiqabağı təşviqat dövründə seçicilərlə namizədlər, bloklar və partiyalar arasında 25 mindən çox görüş olub, həmin görüşlərin təxminən 6 mini müxalifət düşərgəsinə aiddir. Həmçinin hesabatda şikayətlərə baxılması ilə bağlı tutulan iradlar da prezidentin son sərəncamından sonra öz aktuallığını itirib. Çünki bu barədə Baş Prokurora xüsusi göstəriş verilib və Respublika Prokurorluğunun oktyabrın 31-də açıqladığı arayış həmin göstərişin nəticəsidir.

Xəbər lenti

Xəbər lenti