...

Siyasilər Venesiya Komissiyasının Azərbaycanla bağlı son hesabatına münasibət bildiriblər

Siyasət Materials 1 Noyabr 2005 17:20 (UTC +04:00)

"Venesiya Komissiyasının Azərbaycanla bağlı son hesabatı məntiq üzərində qəbul edilməyib". Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Səyyad Aran Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanla bağlı son hesabatına münasibət bildirərkən qeyd edib.

S.Aran bildirib ki, məlum hesabat oktyabrın 21-dək olan vəziyyəti əks etdirib: "Prezidentin seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı verdiyi məlum 11 may tarixli sərəncamı və oktyabırn 25-i sərəncamı seçkilərin demokratik keçirilməsinin əsasını təşkil edir. Biz bütün beynəlxalq təşkilatların tövsiyələrini qəbul etmişik. Görünür, adıçəkilən komissiya bu dəfə də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir".

Politoloq Zərdüşt Əlizadə məsələ ilə bağlı bildirib ki, Venesiya Komissiyası məşvərətçi bir orqan olduğundan onun hər hansı bir hesabatı Azərbaycan iqtidarı üçün önəmli sayıla bilməz: "Dünyanın hegemon dövlətləri ilə sıx münasibət quran rəsmi Bakı üçün belə komissiyaların məlumat xarakterli hesabatlarının o qədər də əhəmiyyəti yoxdur. Bunun Azərbaycana heç bir təzyiq dərəcəsi ola bilməz".

Politoloq Rasim Musabəyov isə bildirib ki, ilkin mərhələdə bu rəsmi Bakıya bir xəbərdarlıqdır: "Demək olmaz ki, Azərbaycanın seçki təcrübəsi yoxdur. Azərbaycanda seçkilər Avropa standartları çərçivəsində keçirilməsə də, bu sahədə bir sıra irəliləyişlər əldə olunub. Venesiya Komissiyası da bizə xəbardarlıq edir ki, seçkilərin daha da demokratik keçirilməsinə nail olaq".

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov da məlum hesabatla Azərbaycana ciddi xəbərdar olunduğunu deyib: "Hökumət bunun əhəmiyyətini nəzərə alıb seçkilərin şəffaflığını təmin etməlidir". E.Məmmədov onu da bildirib ki, prezidentin seçkilərlə bağlı oktyabrın 25-də imzaladığı məlum sərəncam Venesiya Komissiyasının hesabatında nəzərə alınsaydı sənəd bir qədər yumşaq qəbul edilərdi.

Xəbər lenti

Xəbər lenti