...

Bakıda səhiyyə sahəsində BIHE 2005 beynəlxalq sərgisi öz işinə başlayıb

Siyasət Materials 2 Noyabr 2005 15:35 (UTC +04:00)
Bakıda səhiyyə  sahəsində BIHE 2005 beynəlxalq sərgisi öz işinə başlayıb

Noyabrın 2-də Bakıda Heydər Əliyev adına idman-konsert kompleksində "Səhiyyə" - BIHE 2005 11-ci beynəlxalq sərgi öz işinə başlayıb. Trend bildirir ki, tədbirin açılışında Ticarət-Sənaye palatasının sədri (TSP) Mehman Əhmədov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Stomatoloqlar Assosiasiyasının prezidenti Rəna Əliyeva, Iteca Caspian Ltd. şirkətinin direktoru Fərid Məmmədov, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri və digərləri iştirak edib.

TSP rəhbəri M.Əhmədov sərginin açılışı mərasimində çıxış edərək ölkədə bütün sahələrdə, o cümlədən səhiyyə sahəsindəki inkişafı qeyd edib və bildirib ki, yaxın gələcəkdə Lənkəranda, Xaçmazda və ölkənin digər regionlarında yeni tibb müəssisələrinin açılışı gözlənilir.

Səhiyyə nazirinin müavini E. Ağayev qeyd edib ki, hər il belə tədbirlərin keçirilməsində iştirakçıların sayının artması xarici ölkələrin Azərbaycana olan diqqətini göstərir.Onun sözlərinə görə, hökumət səhiyyə sahəsinə xüsusi diqqət ayırır. "Hər il dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitlər 30-40% artırılır, həmçinin tibb işçilərinin əmək haqqı 2006-cı ilin yanvarından artırılacaq" -deyə nazir müavini bildirib.

E. Ağayev həm də qeyd edib ki, 2006-cı ildə dərmanların və tibb avadanlıqlarının alınması üçün nəzərdə tutulmuş vəsaitlər 2 dəfə artırılacaq. BIHE 2005 sərgisində xüsusilə ABŞ, Avstriya, Macarıstan, İran, Türkiyə, Rusiya, Ukrayna, Hindistan, Yaponiya və digər 20 ölkədən təxminən 100 şirkət iştirak edir.

2004-cü illə müqayisədə bu il sərginin sahəsi 20% artırılıb.

Sərginin əsas bölmələri Əczaçılıq, tibbi avadanlıq, stomatoloji avadanlıq, tibbdə elektronika, optika və oftolmologiya, təcili yardım, aptek və tibb müəssisələri üçün avadanlıq və mebel, gigiyena vasitələrinin diaqnostikası, sağlamlıq və gözəllik, kosmetologiya, pəhriz və qida əlavələri, elan və xidmətlər, xəstəxana, tibbi təhsil, ekologiya və innovasiya xidmətləri, sığortadır.

Sərginin təşkilatçıları Britaniyanın ITE Group PLC şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı Iteca Caspian Ltd.şirkətidir.

Sərgi noyabrın 5-də öz işini başa çatdırır.

Xəbər lenti

Xəbər lenti