...

Azərbaycan və Ukrayna prezidentləri telefon söhbəti edib

Siyasət Materials 4 Noyabr 2005 16:52 (UTC +04:00)

Noyabrın 4-də Ukrayna prezidenti Viktor Yuşenko öz azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Trend Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, dövlət başçıları Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə münasibətlərin inkişafını vurğulayıb.

Ukrayna prezidenti Azərbaycanda qarşıdakı parlament seçkilərinə hazırlıq və ölkədə son dövrlərdə baş verən proseslərlə maraqlanıb. İ.Əliyev parlament seçkilərinə hazırlıq barədə məlumat verib, ölkədəki ümumi vəziyyətin normal inkişafını qeyd edib.

Azərbaycanda son dövrlərdə baş verən proseslərə toxunan dövlət başçısı qeyd edib ki, "117 milyon ABŞ dollarından çox dövlət vəsaitini taladığına görə ittiham olunmuş, barəsində beynəlxalq axtarış elan edilmiş beynəlxalq mafiyanın nümayəndələrindən biri olan və ölkəmizdə oğru kimi tanınan Rəsul Quliyevin Ukraynada saxlanıldıqdan sonra azadlığa buraxılması Azərbaycan ictimaiyyətində təəccüb və təəssüf hissləri doğurub". İ.Əliyev vurğulayıb ki, bu cür hallar ölkələrimiz arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edə bilməz.

Dövlət başçıları ölkələrimizin xarici işlər nazirliklərinə Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün keçirilməsinə hazırlıq işlərinə başlaması ilə bağlı tapşırıq verilməsi barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti