...

Saat 10.00-a qədər seçicilərin 6,59%-i səsvermədə iştirak edib

Siyasət Materials 6 Noyabr 2005 11:50 (UTC +04:00)
Saat 10.00-a qədər seçicilərin 6,59%-i səsvermədə iştirak  edib

6 noyabr parlament seçkisinin gedişi ilə əlaqədar MSK-nın "Seçkilər" İnformasiya mərkəzində (İM) saat 11.00-da mətbuat konfransı keçirilib. Trend xəbər verir ki, informasiya mərkəzinin rəhbəri İqbal Babayev seçkilərin ilk saatlara - saat 10.00-a qədər olan gedişi barədə KİV-ə məlumat verib.

O bildirib ki, saat 10.00-a qədər 5137 seçki məntəqəsindən məlumatlar daxil olub. Bu məntəqələrdə 307 min 432 nəfər səs verib. Bu isə ümumilikdə seçicilərin 6,59%-ni təşkil edir.

Qeyd edək ki, ölkə üzrə 4 milyon 600 min nəfər seçici qeydiyyata alınıb.

İqbal Babayev seçkidə müşahidə aparan yerli və xarici müşahidəçilər, həmçinin, MSK-nın müstəqil mətbuat mərkəzinin (MMM) fəaliyyəti barədə də məlumat verib. O bildirib ki, 17 min yerli müşahidəçi Mərkəzi Seçki komissiyasında, 40 min müşahidəçi isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Bütövlükdə 45 xarici ölkədən və beynəlxalq təşkilatlardan olan müşahidəçilər də bugünkü seçkini izləyirlər. Beynəlxalq müşahidəçilərin sayı 1586 nəfərdir. Xarici jurnalistlər isə 80 beynəlxalq kütləvi infomasiya vasitələrini təmsil edir. MSK-nın MMM-də yerli KİV-lər üçün 493-27-32 nömrəli telefonla qaynar xətt yaradılıb. Yerli müşahidəçilər üçün 493-21-60 nömrəli, xarici KİV-lər üçün 498-06-78, seçicilər üçün isə 498-87-70 nömrəli telefon xidmət göstərir.

İ.Babayev bildirib ki, növbəti mətbuat konfransı bu gün saat 13.00-da olacaq və saat 12.00-a qədər olan məlumatlar barədə açıqlama veriləcək.

Xəbər lenti

Xəbər lenti