...

İqbal Babayev: "Seçki məntəqələrində mürəkkəbi su ilə əvəz etmək proseduru mümkün deyil"

Siyasət Materials 6 Noyabr 2005 15:50 (UTC +04:00)

"Seçki məntəqələrində mürəkkəbi su ilə əvəz etmək proseduru mümkün deyil". Bu fikirləri Trend ə verdiyi açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev bildirib.

Qeyd edək ki, noyabrın 6-da "Azadlıq Bloku" 46 saylı Əli Bayramlı, 35 saylı Xətai 3-cü və 9 saylı Binəqədi 2-ci seçki dairələrində seçicilərin barmaqlarına mürəkkəb əvəzinə su vurulması və mürəkkəbin təkrar səsverməyə nəzarət etmək üçün yararsız olması barədə məlumat yayıb. Blokun məlumatına görə, hətta belə faktlar müəyyən olunaraq aktlaşdırılıb. "Azadlıq" bloku Mərkəzi Seçki Komissiyasından bu faktları araşdırmağı tələb edib. Blokun Mərkəzi Seçki Qərargahının bəyanatında, həmçinin, bildirilib ki, Gürcüstandan gətirilmiş mürəkkəbin də yararsız olması haqda iki gün öncədən intensiv məlumatlar əldə ediblər. Müxalifətçilər iddia ediblər ki, bu mürəkkəb əvəzinə sudan istifadə edilməsi, mürəkkəbin istifadəyə yararsız olması və digər qanunsuzluq faktları bütövlükdə seçkinin nəticələrinin şübhə altına alınmasına əsas verəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev bu bəyanata münasibət bildirərkən deyib ki, mürəkkəb balonlarının içərisinə suyun doldurulması mümkün deyil. Onun sözlərinə görə, Gürcüstandan gətirilən mürəkkəb məhlulu sertifikatlaşdırılmış və yoxlanılmış məhsuldur: "Seçkidə istifadə olunan gözəgörünməz mürəkkəbi nə Gürcüstan, nə də Azərbaycan istehsal edib. Beynəlxalq standartlara uyğun şəkildə hazırlanmış və yoxlanılmış mürəkkəbi şübhə altına almaq absurddur. Seçki məntəqələrində mürəkkəb püskürdülən ağzıbağlı qaba necə su tökmək olar?", - deyə İ.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti