...

Saat 15.00-dək ölkə üzrə seçicilərin 32,08 faizi səsvermədə iştirak edib

Siyasət Materials 6 Noyabr 2005 16:27 (UTC +04:00)

Noyabrın 6-da keçirilən parlament seçkisi günü səsvermənin gedişi ilə bağlı saat 15.00-a olan məlumatlara dair "Seçkilər" İnformasiya Mərkəzində mətbuat konfransı keçirilib. Trend xəbər verir ki, İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev ölkə üzrə bütün 125 seçki dairəsindən məlumatların daxil olduğunu deyib. Onun sözlərinə görə, saat 15.00-dək ölkə üzrə 1 milyon 496 min 113 nəfər səsvermədə iştirak edib. Bu rəqəm ölkə üzrə seçicilərin 32,08 faizini təşkil edir. bu məlumat ölkə üzrə 5137 seçki məntəqəsindən daxil olub.

İ.Babayev daha çox fəallığı ilə seçilən seçki dairələrinin adlarını çəkib. Seçici fəallığı daha çox Naxçıvan Muxtar Respublikasının seçki məntəqələrində müşahidə olunur.

İ.Babayev bildirib ki, "Seçkilər" İnformasiya Mərkəzinə ciddi qanun pozuntuları barədə məlumatlar daxil olmayıb. O qeyd edib ki, hər hansı şikayətlə bağlı MSK-nın Müstəqil Mətbuat Mərkəzində yaradılmış "qaynar xətt"ə müraciət etmək olar. İ.Babayev 125 saylı dairədə seçki qutusunun çıxarılması ilə bağlı MSK-ya müraciət edildiyini təsdiqləyib və bildirib ki, bununla əlaqədar araşdırmalar aparılıb və belə bir faktın olmaması barədə akt tərtib olunub.

"Seçkilər" İnformasiya Mərkəzində növbəti mətbuat konfransı saat 18.00-da keçiriləcək. Saat 20.00-dan başlayaraq isə hər dairədən gələn protokolların əsasında seçkilərin nəticələri açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti