...

Mətbuat Şurası və "Ruh" saat 20.00-dan sonra jurnalistlərin fəaliyyətinin monitorinqinə dair hesabat açıqlayacaq

Siyasət Materials 6 Noyabr 2005 16:45 (UTC +04:00)

Mətbuat Şurası və "RUH" Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi 6 noyabr parlament seçkisi günü jurnalistlərin öz peşə fəaliyyətlərini yerinə yetirmə prosesininin müşahidəsini aparır. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, seçkini işıqlandıran jurnalistlərin fəaliyyətinin müşahidəsinə "Ruh" Komitəsinin 5 nəfər, Mətbuat Şurasının isə 10-dan çox əməkdaşı cəlb olunub.

Ə.Amaşov qeyd edib ki, seçki günü jurnalistlərin üzləşdikləri qanun pozuntuları ilə bağlı məlumat verməsi üçün "Ruh" Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "qaynar xətt" yaradılıb. "Qaynar xətt"in məqsədi səsvermə prosesini müşahidə edən və işıqlandıran jurnalistlərin fəaliyyətinin icrası zamanı üzləşə biləcəkləri qanun pozuntuları, maneələrin yaradılması hallarını öyrənməkdir. Bu xətdə 499-02-92 nömrəli telefon jurnalistlərin xidmətindədir.

Ə.Amaşov bildirib ki, noyabrın 6-sı saat 16.00-dək hər hansı ciddi qanun pozuntularına dair jurnalistlər tərəfindən müraciətlər daxil olmayıb. Onun sözlərinə görə, yalnız bir nəfər - "Yeni Müsavat" qəzetinin əməkdaşına seçki məntəqəsində şəkil çəkməsinə imkan verilməməsi barədə məlumat daxil olub. Müxalifətyönlü qəzetlərin nümayəndələrindən gələn bəzi şikayətlərdən isə aydın olub ki, onlar jurnalist kimi deyil, müşahidəçi kimi maneələrlə üzləşiblər. Ə.Amaşov bildirib ki, müşahidəçi statusu daşıyan şəxslərin üzləşdikləri qanun pozuntuları Mətbuat Şurası və "Ruh"un hesabatına daxil edilməyəcək. Mətbuat Şurasının yerlərdə müşahidə aparan monitorinq qrupunun üzvləri də ciddi qanun pozuntularına rast gəlmədikləri barədə məlumat veriblər.

Ə.Amaşov qeyd edib ki, "Ruh" Komitəsi və Mətbuat Şurası ayrı-ayrılıqda jurnalistlərin seçki günü fəaliyyətlərinə dair hesabat hazırlayıb açıqlayacaq. İlkin hesabat noyabrın 6-da saat 20.00-dan sonra açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti