...

MSK üç seçki dairəsinin nəticələrini ləğv etdi

Siyasət Materials 8 Noyabr 2005 17:00 (UTC +04:00)

Noyabrın 8-də Mərkəzi Seçki Komissiyasının parlament seçkisindən sonra ilk iclası keçirilib. Trend in məlumatına görə, bəzi seçki dairələrinin nəticələrinə dair şikayətlərə baxılıb və müvafiq qərarlar çıxarılıb.

MSK katibi Natiq Məmədov bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsinin nəticələri barədə verilmiş şikayətləri araşdırıb və dairə seçki komissiyasının protokollarla bağlı səhvlərə yol verdiyini aşkarlayıb. Bu seçki dairəsinin 10 seçki məntəqəsində protokolların tərtib edilməsi şübhə doğurduğu üçün nəticələrin seçicilərin iradəsini əks etirib-etdirmədiyi də məlum deyil. Buna görə də N.Məmmədov həmin 10 məntəqənin nəticələrinin ləğv olunmasını və səslərin yenidən hesablanmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, 31 saylı Suranaxı ikinci seçki dairəsində 28 məntəqə var və qalan 18 məntəqə üzrə protokollar yenidən hesablanacaq, bu məntəqələrin nəticələrinə görə qalib gələn şəxs deputat seçilmiş sayılacaq.

N.Məmmədov bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsində də qanunsuzluqlara yol verilən məntəqələrin sayı ümumi sayın beşdə-ikisindən çoxdur. Buna görə də, bütövlükdə həmin dairənin nəticəsi ləğv olunmalıdır. Təklif səsə qoyularaq qəbul edilib.

MSK üzvü Ramiz İbrahimov isə 9 saylı Binəqədi ikinci seçki dairəsinin beşdə ikidən çox məntəqəsində nəticələrin şübhəli olduğunu deyib və həmin dairənin nəticəsinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Nəticələri ləğv olunmuş 42 saylı Sumqayıt ikinci və 9 saylı Binəqədi ikinci seçki dairələrinin protokollarının araşdırılması və qanun pozuntularına yol verənlərin cəzalandırılması üçün Respublika Prokurorluğuna göndərilməsinə dair qərar çıxarılıb.

Qeyd edək ki, nəticələri ləğv olunan hər üç dairədə qalib gəlmiş namizədlərdən sonra ikinci yerdə "Azadlıq" blokunun vahid namizədləri gəlir. Suraxanı ikinci seçki dairəsində Qaraxanov Əli seçilib, ikinci yerdə gələn rəqibi Əli Kərimlidir. 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Hüseynova Hicran seçilmişdi, ikinci yerdə Flora Kərimova dayanır. 9 saylı Binəqədi ikinci seçki dairəsindən qalib seçilmiş İsrafil Əliyevi isə Sərdar Cəlaloğlu təqib edir.

Xəbər lenti

Xəbər lenti