...

MSK daha 12 məntəqənin nəticələrini ləğv etdi

Siyasət Materials 9 Noyabr 2005 19:04 (UTC +04:00)

Noyabrın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) bəzi seçki dairələrində seçkilərin nəticələrinə dair növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda daha 12 məntəqənin nəticələri ləğv olunub.

İclasda çıxış edən MSK üzvü Natiq Məmmədov məlumat verib ki, araşdırma zamanı 8 saylı Binəqədi seçki dairəsinin 3, 4, 6, 7, 8, 9, 10, 13, 14, 18, 20, 21 saylı məntəqələrində qanun pozuntuları müəyyən edilib. Bu səbəbdən də komissiya üzvü həmin məntəqələrin nəticələrinin ləğv olunmasını təklif edib.

Komissiya üzvü Vidadi Mahmudlu isə bu təkliflə razılaşmayıb və həmin dairədən Arzu Səmədovun səs çoxluğu ilə qalib gəldiyini bildirib. "Dünənki iclasda da 42 saylı Sumqayıt seçki dairəsinin və 9 saylı Binəqədi seçki dairəsininr nəticələri ləğv olundu. Halbuki həmin dairələrdən namizədliklərini irəli sürmüş Flora Kərimova və Sərdar Cəlaloğlu yüksək səs toplayıblar və bununla bağlı möhürlənmiş protokollar da var. Buna baxmayaraq MSK tələsik qərar qəbul etdi. Hesab edirəm ki, bu günkü iclasda da məsələ eyni tərzdə qoyulub. Nəticələrini ləğv etmək istədiyiniz dairənin məntəqələrindən Arzu Səmədov səs çoxluğu ilə qalib gəlib və bunu təsdiqləyən protokollar da MSK-ya təqdim olunub. Hesab edirəm ki, həmin məntəqələrin nəticələrini ləğv etmək ədalətsizlikdir", - deyə Vidadi Mahmudlu söyləyib.

Qısa müzakirələrdən sonra Natiq Məmmədovun təklifi səsə qoyulub və səs çoxluğu ilə qəbul edilib. Natiq Məmmədov iclas iştirakçılarının nəzərinə çatdırıb ki, 8 saylı Binəqədi seçki dairəsinin 34 məntəqəsində səsvermə keçirililb və bunlardan 12-də müəyyən edilmiş pozuntuların dairənin ümumi nəticələrinə heç bir təsiri yoxdur.

Qeyd edək ki, MSK-nın siyahısına əsasən, həmin dairədən Elşad Abdullayev səs çoxluğu ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti